“MasterChef” yarışmasının 2021-ci il mövsümünün qalibi olan məşhur aşpaz Eren Kaşıkçı Kilyosdakı evində ölü vəziyyətdə tapılıb. Onun cənazəsi məhkəmə-tibbi ekspertizasından sonra ailəsinə təhvil verilib.
Sherg.az xəbər verir ki, 2021-ci ildə keçirilən “MasterChef” yarışmasının qalibi olan 37 yaşlı aşpaz Eren Kaşıkçının vəfatı sevənlərini dərin kədərə boğub. Hadisə axşam saatlarında İstanbulun Kumköy məhəlləsində baş verib.
Araşdırma başladılıb
İddialara görə, Eren Kaşıkçı dostu Mikail M. (44) tərəfindən evdə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.
Həkimlərin müayinəsi zamanı Kaşıkçının həyatını itirdiyi müəyyən edilib. Onun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna aparılıb.
Kaşıkçının vəfat xəbəri yaxınlarını sarsıdıb, onlar evinin qarşısında göz yaşlarına hakim ola bilməyiblər.
Cənazəsi ailəsinə təhvil verildi
Aparılan məhkəmə-tibbi ekspertizadan sonra məşhur aşpazın cənazəsi ailəsinə təhvil verilib. Bildirilib ki, cənazə cemevinə aparılacaq, dəfn mərasiminin vaxtı isə daha sonra açıqlanacaq.
Evli və bir övlad atası olan Eren Kaşıkçının ölümü ilə bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Son paylaşımı ürək dağladı
Gözlənilməz ölümü ilə ailəsini, yarışmadakı dostlarını və pərəstişkarlarını yasa boğan Kaşıkçının son paylaşımı da diqqət çəkib. O, sonuncu dəfə iyunun 21-də Atalar Günü münasibətilə qızı Maya ilə birlikdə çəkilmiş fotosunu paylaşmışdı.
Eren Kaşıkçı kim idi?
Eren Kaşıkçı 1989-cu ildə Kırıkkalede doğulub, əslən Tokatlı idi. Bir bacı-qardaşı olan Kaşıkçının atası hərbçi, anası isə evdar qadın olub.
O, 19 Mayıs Universitetinin Turizm fakültəsində təhsil almağa başlasa da, bu ixtisası başa vurmayıb. Daha sonra 2012-2013-cü illərdə özəl aşpazlıq məktəbində peşəkar təhsil alıb.
Gökçeadadakı otellərdən birində aşpaz kimi çalışan Eren Kaşıkçı “MasterChef” yarışmasında Hasanla keçirdiyi duelə qalib gələrək çempion olub. Daha sonra “Kızıl Sakal Sandviç” adlı restoranını açaraq qastronomiya sahəsində fəaliyyətini davam etdirib.
Sosial şəbəkələrdən fəal istifadə edən Eren Kaşıkçı “kizilsakalinmutfagi” adlı “Instagram” hesabında mütəmadi paylaşımlar edirdi.