“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi

ABŞ-də 16 yaşlı oğlu Elaycanın ölümündən sonra “Meta” şirkətinə qarşı məhkəmə iddiası qaldıran Şennon Hikok sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrdən danışıb.

Sherg.az xəbər verir ki, "CNN Türk"ə danışan ana “Meta” şirkətinin rəhbəri Mark Zukerberqi məsuliyyətsizlikdə ittiham edib və uşaqların sosial media hesabları üzərində valideynlərə daha geniş nəzarət imkanları verilməsini tələb edib.

ABŞ-nin Kentukki ştatının Qlazqo şəhərində yaşayan Şennon Hikok bildirib ki, oğlunun ölümündən sonra başladığı hüquqi mübarizəni davam etdirir. O, “Meta” ilə əldə olunan razılaşmanı kiçik qələbə adlandırsa da, bunun uşaqların təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini vurğulayıb.

“Bu, kiçik bir qələbə idi, böyük qələbə deyildi. Valideynlərə uşaqlarının sosial media hesabları üzərində tam nəzarət hüququ verilməyincə, real dəyişiklik görəcəyimizə inanmıram”, - deyə o bildirib.

Hikok məhkəmə prosesi zamanı Zukerberqə ünvanladığı sərt ittihamları da təkrarlayıb:

“Öz uşaqlarınızın belə bu platformalardan istifadəsinə icazə vermirsiniz, amma bizim uşaqlarımızın sizin platformalarınızdan asılı vəziyyətə düşməsini istəyirsiniz. Siz bizdən bir şey aldınız. Onlar bizim dünyamız idi”.

“Cəmi 20 dəqiqə ərzində oğlumuzu itirdik”

Şennon Hikok oğlunun həyatını itirdiyi gecənin təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, ailə basketbol oyunu üçün hazırlaşırmış. Həmin gecə Elaycanı yatmağa göndərib, lakin o, telefonunu valideynlərinin otağına qoymayıb.

Ana bildirib ki, hadisə ilə bağlı əldə etdikləri məlumata əsasən, təxminən 150 mesaj göndərilib, süni intellektdən istifadə olunaraq fotolar hazırlanıb və oğluna hədələr edilib.

“Cəmi 20 dəqiqə ərzində oğlumuzu itirdik”, - deyə o qeyd edib.

Hikok hesab edir ki, sosial media platforması vaxtında müdaxilə etməklə bu hadisənin qarşısını ala bilərdi. O, platformaların zərərli davranışları müəyyənləşdirmək və uşaqları qorumaq üçün daha təsirli mexanizmlər tətbiq etməli olduğunu bildirib.

“Elaycan ölmədi, öldürüldü”

Acılı ana oğlunun ölümünü intihara sövq edilmə kimi qiymətləndirib və məsuliyyətin yalnız uşağın öz üzərinə qoyulmasına etiraz edib.

“Elaycan öz həyatına son qoydu, amma eyni zamanda buna məcbur edildi. Buna görə də deyirəm ki, Elaycan ölmədi, öldürüldü. Ölüm şəhadətnaməmizdə belə bu hadisə qətl kimi qeydə alınıb”, - deyə Hikok bildirib.

O, Mark Zukerberqin azyaşlılarla böyüklər arasında təhlükəli ünsiyyətin qarşısını almaq məsuliyyəti daşıdığını vurğulayıb.

“Mark və onun şirkəti nə etdiklərini bilirlər. Bunun fərqindədirlər. Məsuliyyət daşımaq üçün daha neçə uşağın həyatını itirməsi lazımdır?”- deyə ana sual edib.

Ana valideynlərə və uşaqlara müraciət etdi

Şennon Hikok yaş məhdudiyyətlərinin uşaqları qorumaq üçün yetərli olmadığını bildirib. Onun sözlərinə görə, uşaqlar yaşları barədə yalan məlumat verə və saxta sənədlərdən istifadə edə bilərlər. Buna görə də valideynlərin övladlarının rəqəmsal fəaliyyətinə daha yaxından nəzarət etməsi vacibdir.

Ana ailələri uşaqları ilə sosial mediada qarşılaşa biləcəkləri təhlükələr barədə açıq danışmağa çağırıb. O, uşaqların başlarına gələnləri valideynlərindən gizlətməməli olduqlarını da vurğulayıb.

“Uşaqlarınıza əsəbiləşməyin, özünüzü də günahlandırmayın. Bu, hər kəsin başına gələ bilər. Uşaqlar, valideynlərinizə müraciət etməkdən çəkinməyin. Pis niyyətli insanlar həyatınızı məhv edə bilməzlər. Biz valideynlər sizi onlardan qoruya bilərik və qoruyacağıq”,- deyə Hikok bildirib.