Övlad itkisi insanın yaşaya biləcəyi ən ağır travmalardan biridir - Psixoloqdan açıqlama

Faciədən sonra sosial şəbəkə davranışı müzakirə mövzusu oldu

"Travma reallıqla əlaqəni zəiflədə bilər, uşaqların təhlükəsizliyi risk altındadır"

Altı azyaşlının hamamda dəm qazından zəhərlənməsi və onlardan birinin həyatını itirməsi hər kəsi sarsıtsa da, hadisədən sonra valideynlərin, xüsusilə atanın sosial şəbəkələrdə sərgilədiyi davranışlar geniş müzakirələrə səbəb olub. Həm zərərçəkmiş uşaqların vəziyyəti, həm də dəfndən paylaşılan görüntülər maddi dəstək çağırışlarının edilməsi cəmiyyətdə ciddi suallar və narahatlıq yaradıb.

Psixoloq Nizami Orucov Sherg.az-a bildirib ki, bu cür hadisələr həm faciəvi, həm də psixoloji baxımdan çox həssasdır və qiymətləndirərkən ehtiyatlı olmaq vacibdir. Övlad itkisi insanın yaşaya biləcəyi ən ağır travmalardan biridir və belə hallarda davranışlar bəzən kənardan “anlaşılmaz” görünə bilər:

“Valideynin qeyri-adi və uyğun görünməyən paylaşımlar etməsi bir neçə psixoloji mexanizmlə izah oluna bilər. Travma zamanı insan “şok” vəziyyətinə düşə bilər, reallığı tam dərk etməmək, inkar etmək və ya emosional donuqluq yaşamaq mümkündür. Bəzən isə insan ağrını idarə edə bilmədiyi üçün diqqəti başqa istiqamətə yönəldir və ya sosial mediada paylaşım etməklə sanki vəziyyətə nəzarət hissi yaratmağa çalışır. Bu, sağlam coping üsulu olmasa da, ağır psixoloji yüklənmənin bir forması kimi ortaya çıxa bilər.

Digər tərəfdən, belə davranışlar yalnız travma ilə yox, əvvəlcədən mövcud olan psixoloji çətinliklər, emosional tənzimləmə problemləri və ya sosial şəbəkələrə həddindən artıq bağlılıqla da əlaqəli ola bilər. Yəni bu vəziyyəti tək bir səbəblə izah etmək düzgün olmaz”.

Psixoloq bildirib ki, travmatik hadisədən sonra valideyn davranışında dəyişikliklər müəyyən həddə qədər normaldır ağlama, şok, inkar, qəzəb, hətta bəzi uyğunsuz reaksiyalar ola bilər: “Lakin davranışlar reallıqla əlaqənin zəifləməsi, vəziyyətə uyğun olmayan reaksiyalar və ya uşaqların təhlükəsizliyini risk altına alan hallar şəklində davam edirsə, bu artıq peşəkar müdaxiləni zəruri edir. Belə hallarda psixoloji müdaxilə mütləq şəkildə kompleks şəkildə aparılmalıdır. İlk mərhələdə klinik psixoloq və ya psixiatr tərəfindən vəziyyət qiymətləndirilməlidir. Travma sonrası dəstək, krizis müdaxiləsi və lazım gələrsə medikal dəstək təmin olunmalıdır. Paralel olaraq sosial xidmət qurumlarının da rolu önəmlidir. Əgər ailədə digər uşaqların təhlükəsizliyi və rifahı ilə bağlı risklər varsa, bu zaman aidiyyəti qurumlar vəziyyəti nəzarətə götürsə və qoruyucu tədbirlər görməlsə bu vəziyyəti yaxşılaşdıra bilər. Ən vacib məsələ odur ki, belə hallarda yanaşma qınamaq yox, qiymətləndirmək və müdaxilə etmək üzərində qurulmalıdır. Çünki travma insan davranışını kəskin şəkildə dəyişə bilər və vaxtında düzgün dəstək göstərilmədikdə həm valideynin, həm də uşaqların psixoloji vəziyyəti daha da ağırlaşa bilər”.