İspaniyanın Tenerife adasındakı Tenerife Cənub Hava Limanında dəhşətli bir hadisə baş verib.
Sherg.az xəbər verir ki, yaşlı bir kişinin ölü həyat yoldaşını təyyarəyə mindirməyə çalışdığı, ancaq hava limanı işçiləri tərəfindən son anda fərq edildiyi bildirilib. Daha sonra isə qan donduran etiraf gəlib. Detallar belədir:
Hava limanında baş verən hadisədə, yaşlı kişinin təkərli kresloda daşıdığı həyat yoldaşının təhlükəsizlik yoxlaması zamanı heç bir reaksiya vermədiyi müşahidə olunub.
Çütlük təhlükəsizlik nöqtəsindən keçdikdən sonra şübhələnən bir işçi qadını yoxladıqda onun həyat əlamətləri olmadığını müəyyən edib.
İspaniyanın "Diario de Avisos" qəzetinə danışan hava limanı işçisi hadisəni belə izah edib:
“Təhlükəsizlik işçisi qadına yaxınlaşdı və kişi təkərli kreslonu ona verdi. İşçi qadının əlini tutanda bədən istiliyinin normaldan aşağı olduğunu və nəfəs almadığını gördü.”
Hadisə barədə məlumat verildikdən sonra təcili yardım protokolu işə salınıb, əraziyə mülki qoruyucular və hüquq-mühafizə orqanlarının mütəxəssisləri çağırıldı.
Kimliyi açıqlanmayan 80 yaşlı kişinin ilkin ifadəsində həyat yoldaşının bir neçə saat əvvəl vəfat etdiyini etiraf etdiyi öyrənilib. Lakin hava limanı işçiləri iddia edir ki, kişi həyat yoldaşının ölümünü hava limanı rəsmilərinin üzərinə yükləməyə çalışıb.
Araşdırma genişləndirilib və saxlanılan yaşlı kişinin polis qüvvələri ilə əməkdaşlıq etdiyi bildirilib.
"Tenerife"dəki bu hadisə, keçən ay Malaqa-London reysində baş verən oxşar bir insidenti xatırladıb. Dekabr ayında 89 yaşlı ingilis qadın, beş yaxın tərəfindən “sadəcə yatır” deyilib təyyarəyə mindirilsə də, uçuşdan dərhal əvvəl vəfat etdiyi məlum olub. O hadisədə təyyarənin pistdən geri döndüyü və uçuşun 12 saat gecikdiyi bildirilib.
"Tenerife"dəki hadisə ilə bağlı hüquq-mühafizə orqanları qadının ölüm səbəbini və kişinin hər hansı cinayət məsuliyyəti olub-olmadığını araşdırır.