İstanbulda saç əkdirmə əməliyyatı və diş müalicəsi etdirən britaniyalı Mentor Rama qaldığı xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı istintaq başladılıb.
Sherg.az xəbər verir ki, Türkiyəyə saç əkdirmə və diş müalicəsi üçün gələn Böyük Britaniya vətəndaşının ölümü ilə əlaqədar araşdırma aparılır.
Hadisə noyabrın 11-də Şişli rayonunda baş verib.
Albaniya əsilli britaniyalı Mentor Rama ötən həftə saç əkdirmək məqsədilə Türkiyəyə gəlib.
Şişli rayonunda bir oteldə qalan Rama, Fulya məhəlləsində yerləşən klinikada saç əkdirib.
Ertəsi gün isə Ayazağa məhəlləsindəki diş klinikasında dişlərini düzəltdirib.
Sonradan otelə qayıdan Mentor Rama özünü pis hiss edib və vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb.
Xəstəxanaya aparılan Mentor Rama, 11 noyabr saat 16:30 radələrində dünyasını dəyişib.
Ramanın cəsədi ekspertiza üçün Ədli Tibb İnstitutuna göndərilib.
Otopsi prosesindən sonra nəşi ailəsinə təhvil verilib və ölkəsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.