Siyəzəndə qəzaya düşən avtomobildə kimlər olub? - Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzəndə baş verən ağır qəzada xəsarət alanların son vəziyyətini açıqlayıb. 
Qurumdan bildirilib ki, Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə təcili tibbi yardım bölməsində davam etdirilir.
09:36
Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
APA-nın verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.
Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.
09:26
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 
Bildirilib ki, qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində qeydə alınıb. 
Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes-Benz Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mercedes-Benz”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 
Faktla bağlı araşdırma aparılır.