"Silahlı Qüvvələrdə islahatlar uzun illərdir ki, davam edir və çox güman davam da edəcək. Çünki dəyişdirilməsinə ehtiyac duyulan çox şey var. Amma bu işləri bir göz qırpımında etmək mümkün deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında orduda sensasion təyinətlı dəyişikliklərin olmasını şərh edərkən siyasi şərhçi Asəf Quliyev deyib.
O, bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın torpaqları işğal altında idi:
"2023-cü ilin sentyabrına qədər ölkə ərazisində nəzarətsiz hərbi birləşmələr var idi. Buna görə də radikal islahatlar mümkün deyildi. Məsələ zamanla həll edilməli idi. Ona görə də siyasi rəhbərlik bu yolu məqbul hesab elədi.
Bundan sonra da proseslər yəqin ki, yumuşaq keçid taktikası ilə irəliləyəcək. Çünki ölkə üçün təhdidlər olduğu bir zamanda orduda radikal dəyişiklik düz olmazdı. Bu gün baş verən dəyişiklik əslində Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatların strateji məqsədlərinə aydınlıq gətirmiş oldu. Əsas məqsəd daha peşəkar bir ordu formalaşdırılmaqdadır. Hikmət Mirzəyev barədə hamı yaxşı bilir və onun xüsusi təqdimatına ehtiyac yoxdur. Onun rəhbərliyi ilə formalaşdırılmış Xüsusi Təyinatlıların səviyyəsi bəllidir. Hikmət Mirzəyevin nazir müavini - Quru Qoşunları komandanı təyin olunması qarşıya qoyulan məqsədlərin nədən ibarət olduğunu göstərir. Nəzərə alsaq ki, son illərdə bir neçə komando hərbi hissələri yaradılıb Hikmət Mirzəyevin Quru Qoşunlar komandanı təyin olunmasından sonra belə hərbi hissələrin sayının artacağını gözləmək olar. Prezident İlham Əliyev son müsahibəsində xüsusi vurğuladı ki, biz müharibə istəmirik, bunu arzulamırıq və müharibənin olmaması üçün hər şey edirik, amma arxayınlaşmaq olmaz.
Prezidentin bu fikirləri son təyinatın ən gözəl şərhidir".