Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xocavənddə rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər.
Hərbi Prokurorluqdan Sherg.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyası kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, müxtəlif sahələrdə qazanılan uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunmasından bəhs ediblər. Əldə edilən uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək və xalq-dövlət birliyi xüsusi qeyd edilib. Həmçinin tədbirdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı vurğulanıb.
Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Tədbirdə hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.
Tədbir başa çatandan sonra ağaclar əkilib.