Müharibələrin “yeni ulduzu”: PUA-ların müharibələrdə rolu artıb

Dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır


 Son dövrlərdə beynəlxalq ekspertlər dronların effektivliyini geniş təhlil etməyə başlayıblar. Xüsusən də, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistana qarşı müxtəlif növ dronlardan istifadə etməsi müasir hərbi əməliyyatların necə dəyişdiyini göstərib. Bu, dünyanın müxtəlif ölkələrinin də diqqətini cəlb edib. Onlar artıq müharibələrinin “yeni ulduzu”nu – dronları hərbi əməliyyatların gedişini dəyişən amil kimi qəbul edirlər.


Müasir müharibələrdə dronların tətbiqindən danışan  politoloq Elxan Şahinoğlu “Sherg.az"a açıqlamasında deyib ki, münaqişələrin ayrılmaz hissəsinə çevrilən PUA-lar müharibə taktikasını dəyişdirərək, strateji məsələləri daha da əlçatan edir. Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu fenomenin bariz nümunəsidir. Azərbaycan Ordusu müasir texnologiyalardan, xüsusilə də PUA-lardan səmərəli istifadə etmək bacarığını dünyaya nümayiş etdirdi: 
“Pilotsuz uçuş apartlarının müasir müharibələrdə rolu artıb. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdi. Ordumuz sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi. İnternetdə indiyə qədər həmin görüntüləri izləmək olar. Əgər birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, İkinci Qarabağ müharibəsi zamanı kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı. Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir. Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur. Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür. Hazırda Rusiyanın Ukraynaya və Ukraynanın Rusiyaya endirdiyi zərbələrin mütləq əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Eyni anda havaya yüzlərlə dron qaldırılır, onların əksəriyyəti hava müdafiə sistemləri vasitəsilə neytrallaşdırılsa da, hədəfə dəyənlər də az deyil. Müharibə yeni başlayanda Rusiyanın keyfiyyətli dronları olmadığından Kreml İrana müraciət etdi. Bundan sonra İran texnologiyaları əsasında Rusiya ərazisində dron istehsal edən zavod fəaliyyətə başladı. Ukraynanın özü də müharibənin ilk günlərində dronları Türkiyədən alırdı. Həmin dronlar yüksək keyfiyyətə malik olduğunu İkinci Qarabağ müharibəsində sübut etmişdi. Müharibənin üçüncü ilində Ukrayna müxtəlif modifikasiyalı dronlar istehsal edir”.

E.Şahinoğlunun sözlərinə görə, dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır:
 “Bildiyiniz kimi, silahlı müxalifət uzun müddət İdlib şəhərinə sığınmışdı. Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə silahlı müxalifətin daha geniş əraziləri nəzarətə götürməsinə imkan vermirdi. “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının sürətlə irəliləməsində Rusiya, İran və “Hizbullah”ın obyektiv səbəblərdən Əsədə dəstəklərinin zəifləməsinin rolu oldu. Ancaq müşahidəçilər HTŞ-nin Hələbi ələ keçirməsində pilotsuz uçuş aparatlarından istifadənin də rolunun olduğunu bildirirlər. HTŞ havaya qaldırdığı dronlar vasitəsilə Əsəd qoşunlarının Hələb şəhəri və ətrafındakı mövqelərin zəiflədiyini müşahidə edib və məhz bundan sonra hücum qərarı veriblər”. Politoloq qeyd edib ki, dronlar yalnız müharibələrdə istifadə olunmur. Müxtəlif dövlətlər başqa dövlətlərin sirlərini öyrənmək üçün də dronlardan istifadə edir: “Çin vətəndaşının ABŞ-nin Kaliforniya ştatında yerləşən hərbi bazası üzərinə dron qaldırdığına dair məhkəmə işi bu gün də davam edir. 39 yaşlı Çin vətəndaşı ABŞ-nin San-Fransisko şəhərindən ölkəsinə qayırdarkən hava limanında həbs olunub. Çinlinin çantasından dron vasitəsilə hərbi bazaya aid şəkillər və görüntülər aşkarlanıb. Həmin hərbi bazadan İlon Maska məxsus raketlərin kosmik üçuşları da həyata keçirilir. Ötən il isə ABŞ səmasında Çinə məxsus kəşfiyyatçı şarlar aşkar edilmişdi. Bu hadisə böyük qalmaqala səbəb olmuş, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə əvvəlcədən razılaşdırdığı görüşü təxirə salmışdı. Bu səbəblərdən bir sıra ölkə pilotsuz uçuş aparatlarının satışlarının qanunvericiliklə tənzimlənməsinə çalışır”.