Hərbi ekspert: Azərbaycanın müharibə modeli dünyada öyrənilir
“Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycana yaxın bir neçə regionda münaqişələr davam edir. Həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaranıb”.
Bu sözləri Sherg.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Dörd ildən artıqdır Rusiya- Ukrayna müharibəsinin davam etdiyini xatırladan Ə. Verdiyev bildirib ki, bu müharibə minlərlə insan itkisinə, iri şəhərlərin və infrastrukturun dağıdılmasına, iqtisadiyyatın ciddi zərbə almasına səbəb olub:
“ Buna rəğmən hələ də münaqişənin sonu görünmür. İran ilə Amerika Birləşmiş Ştatları/İsrail qarşıdurması isə 40 gün davam etdi, indi isə 14 günlük atəşkəs razılaşması əldə olunub. Lakin bu təşəbbüslərin davamlı sülhə çevrilməsi ehtimalı çox azdır. Paralel olaraq, Səudiyyə Ərəbistanı Yəməndəki Husilərlə, İsrail isə Livanda Hizbullah, Qəzzada Həmas ilə qarşıdurmalarını davam etdirir. Bu münaqişələrdə də yekun nəticə yoxdur və onların nə vaxt, necə başa çatacağını proqnozlaşdırmaq hazırda mümkün deyil. Belə mürəkkəb və uzunmüddətli qarşıdurmalar fonunda Azərbaycanın 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan üzərində qələbəsi və onları kapitulyasiya aktı imzalamağa məcbur etməsi nadir bir nümunədir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan son 81 ilin tək və mütləq qalib ölkəsi olub. 44 günlük müharibədə Azərbaycan ordusunun tətbiq etdiyi müasir silahlı mübarizə metodları bir çox ölkələr üçün hərbi uğurun praktik nümunəsi kimi qəbul edilir. Bu təcrübə hazırda dünyanın müxtəlif hərbi elmi mərkəzlərində öyrənilir və tətbiq olunur”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycanın bu sürətli və mütləq nəticəni əldə etməsinin əsas amilləri arasında Prezident İlham Əliyevin qəti iradəsi, şanlı ordumuzun yüksək peşəkarlığı, əsgərlərimizin qəhrəmanlığı və xalqın Ali Baş Komandana və Silahlı Qüvvələrə verdiyi dəstək xüsusi yer tutur:
“Azərbaycanın apardığı müharibə ədalətli müharibə idi: 44 gün ərzində bir dəfə də olsa mülki obyektlər hədəfə alınmadı, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarında isə Qarabağda qanunsuz yaşayan ermənilər arasında bir nəfər belə yaralanmadı. Bu qələbə həm hərbi, həm siyasi, həm də humanitar baxımdan Azərbaycanın nümunəvi model kimi çıxış etdiyini göstərir”.