I Avropa Oyunlarında qoyulan standartlar Minskdə uğurla tətbiq edildi
“Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançıları 28 (5 qızıl, 10 gümüş, 13 bürünc) medal qazanaraq onuncu pillədə qərarlaşdılar. Zənnimcə, bu nəticəni uğurlu hesab etmək olar. Mən deyərdim ki, bu, hər şeydən əvvəl ölkəmizdə idmana göstərilən diqqət və qayğının təzahürüdür. Buna görə cənab Prezidentimiz İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bir daha təşəkkürümü bildirirəm”.
Bu sözləri Azərbaycan millisinin tərkibində Belarusda olmuş Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuş Firdovsi Umudov “Minsk-2019” II Avropa Oyunları ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.
Minskə idmançılarımızı dəstəkləməyə gələn həmvətənlərimizə xüsusi minnətdarlığını bildirən müsahibimiz, həmçinin vurğuladı ki, bu uğurda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun, Baş Nazirin birinci müavini Yaqub Eyyubovun, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Gənclər və İdman naziri Azad Rəhimovun, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşləri də xüsusi önəm kəsb edib: “Hətta deyərdim ki, məhz bu görüşlərdən sonra idmançılarımız yarışlara, əgər belə demək mümkünsə, daha yaxşı kökləndilər”.
Minskdə müşahidələrinə əsasən, Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi olduğunu bildirən müsahibimiz, qeyd etdi ki, bütün bunlar onda xoş ovqat yaradıb:
“Orada olduğum müddətdə xarici ölkə idmançılarının 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları ilə bağlı çox xoş xatirələrini də dinlədim. Görünür, I Avropa Oyunları onların yaddaşına əbədi həkk olunub. II Avropa Oyunlarını da təşkilatçılıq baxımından yüksək dəyərləndirmək olar. Amma bir məsələni xüsusi vurğulamaq istərdim: I Avropa Oyunlarında qoyulan standartlar Minskdə uğurla tətbiq edildi. Yeri gəlmişkən, Minskdə təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak ediblər. Bu isə həm də o deməkdir ki, artıq ölkəmizdə dünyanın mötəbər idman yarışlarının təşkilati işlərində də çalışan peşəkar mütəxəssislərimiz yetişiblər”.
Daha sonra AGF-nin vitse-prezidenti kişilərdən ibarət sərbəst güləşçilərimizin uğurlu çıxışlarından söz açdı:
“Bu mötəbər yarışda sərbəst güləşçilərimiz bütün altı çəkidə medal qazanmaq şansı əldə etdilər ki, bunlardan beşində fəxri kürsüyə çıxdılar. Belə ki, sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə etdilər. Onu da deyim ki, Nurməhəmməd Hacıyev yarımfinalda zədələndiyi üçün onun finaldakı rəqibinə texniki qələbə verilib. Sözün düzü, onun zədələnməsi məni çox mütəəssir etdi. Amma nə etmək olar? Bu, idmandır. Qadınlardan ibarət yığmamız isə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı”.
Müsahibimizin sözlərinə görə, ölkəmizə ilk qızıl medal qazandıran Mahir Əmiraslanovun yarımfinalda dünya çempionuna qalib gəlməsi, Hacı Əliyevin finaladək, daha doğrusu, gün ərzində iki erməni idmançısı üzərində qələbəsi və daha sonra əvvəllər uduzduğu Vladimir Xinçeqaşvilini məğlub etməsi onu çox sevindirib: “Fikrimcə, Mahir Əmiraslanovun 26 İyun - Silahlı Qüvvələr Günündə qızıl medal qazanması bütün hərbiçilərimizə gözəl bir hədiyyə oldu”.
F.Umudovun fikrincə, AGF-nin rəhbəri Namiq Əliyevin də belə nəticələrin əldə olunmasında xidmətləri vardır: “O, güləşçilərimiz üçün hər bir şəraiti yaradıb. Bu şəraitin qarşılığında nəticə əldə olunmaması mümkün deyil. Onu da deyim ki, bu gün AGF-nin bazası dünyada ən yaxşılardandır”.
Həmsöhbətimizin sözlərinə görə, növbəti hədəfləri sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatıdır: “Burada bir məsələyə də toxunmaq istərdim. Avropa Oyunları elə bu dünya çempionatına hazırlığın bir parçası idi desəm, yanılmaram. Odur ki, II Avropa Oyunlarına, həm də qarşıdakı mundial öncəsi yarış kimi yanaşırıq. Amma indidən proqnoz vermək istəməzdim. Ümumiyyətlə, bunu xoşlamıram. Lakin onu deyə bilərəm ki, növbəti yarışda da güləşçilərimiz bayrağımızı yüksəyə qaldıracaq, himnimizi səsləndirəcəklər”.