İranda qadınlar stadionda futbol matçına baxa biləcək


Bütün iranlı qadınlar matça baxmaq üçün biletləri ala bilər.

Oxu.Az xəbər verir ki, bunu İran İslam Respublikası Futbol Federasiyasının mədəni məsləhətçisi Qulam Hüseyn Zamanabadi deyib.

O bildirib ki, oktyabrın 10-da keçiriləcək İran – Kamboca oyununda Tehranın “Azadi” stadionunun qapıları yerli qadın azarkeşlər üçün açıq olacaq. Bunun üçün qadınların xüsusi girişi, tribunaları və tualetləri hazırlanıb.

Bu matçda Fransa millisi ilə dünya çempionu olmuş Yuri Corkaef də iştirak edəcək. O, Yaxın Şərqdə FIFA-nın futbolda qadınlar üçün məhdudiyyətləri aradan qaldıran Fondunun baş icraçı direktoru təyin olunub. 

Qeyd edək ki, sonuncu dəfə ötən ilin noyabrında qadınlar İranda futbol matçına sərbəst girərək baxa bilib. Bu, noyabrın 10-da Asiya Çempionlar Liqasının “Persepolis” – Kashima Antlers (Yaponiya) cavab matçında baş tutub.