Dünyanın ən intizamlı və intizamsız futbol klublarının siyahısı açıqlanıb. Oxu.Az xəbər verir ki, araşdırmalara 92 ölkənin yüksək liqasında çıxış edən 1279 klubun göstəriciləri daxil edilib.
Yaz-payız sistemi ilə keçirilən liqalarda 2019, payız-yaz sistemi ilə təşkil olunan yarışlarda 2019/20 mövsümünün fevralın 17-nə qədər keçirilən oyunlarındakı vərəqələr hesablanıb. Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz komanda da siyahıda yer alıb.
Ölkəmizin ən intizamsız klubu “Sumqayıt”dır. Bu komanda dünyanın 22-ci, Avropanın 7-ci ən intizamsız komandasıdır – hər oyuna 3,65 (0,18 qırmızı + 3,47 sarı) vərəqə. Daha iki təmsilçimiz “100-lük”də yer alıb. Siyahıda “Qəbələ” 57-ci (3,47 vərəqə: 0,24 qırmızı + 3,23 sarı), “Zirə” 96-cıdır (3,29 vərəqə: 0,18 qırmızı + 3,11 sarı).
“Neftçi” və “Keşlə” eyni göstərici (2,82 vərəqə: 0,18 qırmızı + 2,64 sarı) ilə 288-289-cu yerlərdə qərarlaşıb. “Sabah” (2,76 vərəqə: 0,18 qırmızı + 2,58 sarı) 323-cü, “Səbail” (2,35 vərəqə: 0,12 qırmızı + 2,23 sarı) 622-ci yerdədir. Azərbaycanın ən intizamlı klubu olan “Qarabağ” (2,00 vərəqə: 0,06 qırmızı + 1,94 sarı) intizamsızlıqda 911-cidir.
Bu göstərici ilə Azərbaycan Premyer Liqası dünyada 12-ci yerdədir. İlk üç sırada müvafiq olaraq Boliviya, Uruqvay və Qvatemala çempionatı gedir.
Qeyd edək ki, ən intizamsız Uruqvay təmsilçisi “Montevideo Uonderers” (4,05 vərəqə: 0,32 qırmızı + 3,73 sarı), intizamlı isə Yaponiya klubu “Tokio”dur (0,85 vərəqə: 0,00 qırmızı + 0,85 sarı).