Taekvondo millimiz Çin idmançılarına görə Belçikaya getməyə bilər - FOTO

“Martın 5-də 16 idmançı ilə Niderlanda gedəcəyik. Ayın 7-də Helmond şəhərində 47-ci Niderland Açıq çempionatı keçiriləcək. Daha sonra Niderlanddan qonşu Belçikaya gedəcəyik. Martın 14-də Belçika Açıq çempionatında yarışacağıq”.

Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

14-15 mart tarixlərində Belçikanın Lomol şəhərində 41-ci dəfə Açıq birincilik keçiriləcək. Ötən il Avropanın ən yaxşı G kateqoriyalı turniri sayılan bu yarışda Azərbaycan taekvondoçularının da iştirakı nəzərdə tutulub. Bununla belə, koronavirusun (COVID-19) yayıldığı Çindən olan idmançıların da həmin yarışda iştirakı gözlənilir. Artıq Türkiyə yığması Çin idmançıları yarışacağı halda Belçikaya getməyəcəklərini bəyan edib.



Bəs Azərbaycan taekvondoçuları orada iştirak etməkdə israrlıdırmı? Taekvondo üzrə keçmiş dünya və ikiqat Avropa çempionumuz Niyaməddin Paşayev də onlarda Çin idmançılarının Şengen vizası almaq istəyi ilə bağlı məlumat olduğunu bildirib: 

“Çin idmançılarının Belçikadakı yarışda iştirakı ilə bağlı tam dəqiq məlumat yoxdur. Sadəcə, Çin taekvondoçularının viza almaq istəyi barədə məlumat var. Bizdə olan son məlumata görə, həmin idmançılar Belçikaya buraxılmayacaq. Əgər iştiraklarına icazə verilsə, bizim federasiya rəhbərliyi yığışıb bu yarışda iştirak edib-etməməyimizə dair qərar verəcək”.

Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutda keçirilməli olan parataekvondo üzrə Asiya Açıq çempionatı da koronavirusa görə təxirə salınıb. Bu yarışda Azərbaycanın dörd parataekvondoçusunun iştirakı nəzərdə tutulmuşdu.

Həmçinin, 17 apreldə parataekvondo, 18-19 apreldə isə taekvondo üzrə Avropa lisenziya turniri İtaliyanın Milan şəhərində keçirilməlidir. Burda Azərbaycanın üç taekvondoçusu (bir kişi və iki qadın) yarışmalıdır. İtaliyada koronavirusun yayıldığını nəzərə alsaq, Olimpiadaya lisenziya verən bu yarışın başqa ölkədə keçiriləcəyi gözlənilir.

Bu gün Ümumdünya Taekvondosu rəsmi bəyanat yayaraq, yarışlarla bağlı son yenilikləri diqqətdə saxlamağı üzv federasiyaların diqqətinə çatdırıb.