Həyat göstərir ki, insan doğulanda arzusu, qisməti və gələcək həyat fəaliyyəti də onunla birgə doğulur. Yaşayır, yaradır, torpağı, vətəni üçün nə isə etməyə çalışır. Saat əqrəbi kimi irəliləyən zaman isə həmin insanların arzularını həyata keçirməkdə müstəvi rolunu oynayır. Vaxt keçir, illər bir-birini əvəzləyir. Sonda hamı özünə ciddi bir sualla yanaşır: nə etdim cəmiyyət və el-oba üçün? Arzularıma az da olsa qovuşa bildimmi?
Bəli, mövzumuzun kökündə ömrünü, gününü futbola həsr edən, həyatı futbolla səsləşən Qazax elinin futbol salnaməsi adlanan, "Azərbaycanın Əməkdar Məşqçisi" Mehdi (Rəhman) Tahir oğlu Salmanov dayanır. Hələ uşaqlıq illərindən futbola böyük maraq göstərən Mehdi, illər keçdikcə gələcək arzularını çin etməyə çalışır. Lakin həmin dövr Qazaxda futbol üçün lazımi şəraitin olmaması onu bərk məyus edir, gecə-gündüz ancaq çıxış yolu axtarır: "Necə edək ki, bizim də geniş futbol stadionumuz, təminat yerimiz və səriştəli komanda heyətimiz olsun". Nəhayət ki, Mehdi Salmanovun gənclik arzusu 1977-ci ildə nisbətən pöhrələnməyə başlayır.
Rafiq Binnət oğlu Həsənov sabiq idman komitəsinin Qazax rayon şöbəsinin sədri vəzifəsinə təyin edilir. Bütün idman növlərinə sonsuz marağı olan Həsənov Qazaxda futbolun olduqca zəif inkişafını görüb, gənc Mehdi Salmanovu yanına çağırır. Mütəmadi görüşlər keçirərək, futbolun inkişafı üçün tövsiyələrini verir. 1978-ci ildən Həsənovun gərgin əməyi və təşəbbüsü ilə Qazaxda "Damcılı" adı altında futbol komandası yaradılır. Baş məşqçi isə məhz Mehdi Salmanov təyin edilir.
Futbola olan sonsuz maraq, futbolun gələcək inkişafı, Qazaxa layiq bir komandanın yetişdirilməsi məsələsi Mehdi Salmanovu rahat buraxmır. Təəssüflər olsun ki, futbol yarışlarının harada keçirilməsi, şəhərdə futbol meydançasının olmaması Mehdi üçün çətinliklər yaradır. Əlac ona qalır ki, baş məşqçi Mehdi Salmanov Qazaxın Musaköy (indiki Xanlıqlar) kəndindəki stadionda aramsız futbol məşqlərinə başlayır. Lakin bu işləri də müvəqqəti çətinlik hesab edən Salmanov saysız məşqlərdən sonra ilk uğurlu yarışlarını keçirmək qərarına gəlir. 1978-ci ildə "Damcılı" futbol komandası respublika birinciliyində birinci liqada oyuna başlayır.
Çox keçmir ki, sabiq Qazax Rayon Partiya Komitəsinə birinci katibi təyin edilən Əkrəm Quliyev futbol kimi idman oyununa güclü maraq göstərir.
Qazaxın mərkəzində Qazax şəhər stadionu yaradılır. "Damcılı" futbol komandasına bacarıqlı idmançılar cəlb edilir. O cümlədən, Məhəmməd Şıxıyev komandaya gətirilir. Mehdi Salmanovun təşkilatçılığı ilə günbəgün formalaşan komanda Məhəmməd Şıxıyev kimi peşəkar futbolçunun və digər futbolçuların hesabına dəfələrlə uğurlu qələbələr qazanır.
Qazax rayon Partiya Komitəsinin birinci katibliyindən azad olan Əkrəm Quliyevin yerinə Murad Aşurov təyin edilir. Həmçinin Aşurov da Qazaxda futbolun inkişafına marağını əsirgəmir. Rəhbərlik tərəfindən futbola göstərilən qayğı artıq səmərəsini verir. 1986-cı ildə Şıxıyev yarışlarda 28 qolun müəllifi olur. Həmin ili də "Damcılı" futbol komandası Azərbaycan çempionu adını qazanır. Bununla da sabiq SSRİ birinciliyinin 9-cu zonasında oynamağa vəsiqə qazanır.
Komanda 1987-1991-ci ilə kimi SSRİ birinciliyində mübarizə aparır. 1988-ci ildə SSRİ birinciliyində 5-ci yeri, Azərbaycan komandaları arasında isə 1-ci yeri qazanır. Onu da qeyd edək ki, "Damcılı" futbol komandasının adı 1986-cı ildə dəyişdirilərək "Göyəzən" futbol komandası adlanır. Həmin ili də yarışdığı liqada çempion olur.
"Göyəzən" futbol komandasının daha da inkişafı üçün komandaya tanınmış futbolçu Rəşid Özbəyov baş məşqçi gətirilir. Bu illərə kimi komandanın qələbələrinə imza atan, komandanın dərd-sərinə həmişə öz dərd-səri kimi baxan Mehdi Salmanov isə komandanın rəisi təyin edilir. Rəşid Özbəyovun və komandanın rəisi Mehdi Salmanovun birgə fəaliyyəti komanda üzvlərinin maddi və mənəvi hisslərinə təsir edir. Daha uğurlu qələbələr qazanılır. Baş məşqçi Rəşid Özbəyovun sonra "Göyəzən" futbol komandasına Əli Rəhmanov, Əli Əlizadə, Sergey Kramarenko, Mehman Salmanov kimi Azərbaycanın futbol tarixində iz qoymuş futbolçular da baş məşqçilik edirlər.
SSRİ dövləti süquta uğrayandan iki il sonra, yəni 1992-ci ildə müstəqil Azərbaycanda komanda öz çempionatına başlayır. Bir il oynadıqdan sonra, maliyyə çətinliyi, ölkədə yaranmış iqtisadi problemlər "Göyəzən" futbol komandasından da yan keçmir.
Bütün ömrünü Qazax futbolunun inkişafına sərf edən Mehdi Salmanovu futbolda yaranmış maddi çətinlik qorxutmur. Komandanın dağılmaması üçün komanda həvəskarlar liqasında oynamağa başlayır. Sonra komanda yenidən bir il yaşıl xalıya çıxa bilmir. 1996-cı ildə yenə də Mehdi Salmanovun böyük əziyyəti səmərəsini verir. Komanda 1996-cı ildə oyuna başlayır.
1999-cu ildə "Göyəzən" peşəkar futbol klubu yaranır. 2000-ci ildə Bosniya Hersoqavinaya yollanır. Orada müxtəlif adda komandalarla yarışlar keçirilir. O cümlədən, yerli komanda ilə heç-heçə oynayır. Komanda Həsən Həsənov və Mehdi Salmanovun təşkilatçılığı sayəsində uğurlar əldə edərək, elə 2000-ci ildə həvəskarlar arasında çempion adına layiq görülür.
"Göyəzən" futbol klubunun maliyyə cəhətdən axsaması Moskvada yaşayan, tanınmış iş adamı, əslən qazaxlı olan Əsəd Mehdiyevi daha çox narahat edir. Müəyyən müddət üçün komandaya sponsorluğu öz üzərinə götürür. Demək, 1999-cu ildən 2003-cü ilə kimi Əsəd Mehdiyevin köməkliyi ilə komanda UEFA-nın həvəskarlar komandaları arasında dəfələrlə çempion adını qazanır. İş adamı Əsəd Mehdiyevin köməkliyi ilə komanda Almaniyaya səfər edir. Hollandiyanın komandası ilə heç-heçə oynayır. Orada da bir sıra görüşlər keçirir və peşəkarlığını daha da artırır. Komanda xarici səfərdən qayıdanda "Turan" bankın idarə heyətinin sədri Məmməd Musayev sponsorluğu üzərinə götürür. Komanda 1-ci dəstədə oyuna başlayır. Güclü oyun nümayiş etdirən "Göyəzən" futbol klubu həmin il 1-ci dəstədə 2-ci yeri tutur və yüksək liqaya vəsiqə qazanır.
"Göyəzən" futbol klubu 1-ci dəstədə ölkəmizin ən ünlü komandaları ilə yarışır. Layiqli qələbələr qazanaraq futbolsevərlərin rəğbətini qazanır. Yenidən maliyyə böhranını yaşayan komanda məcburiyyət qarşısında 1-ci liqanı tərk edir. Hazırda komanda region liqasında öz yolunu davam etdirir.
Komandaya bu gün "Göyəzən"in sabiq futbolçuları Elxan Muradov və Süleyman Məmmədov məşqçilik edirlər. Komandanın vitse-prezidenti isə Mehdi Salmanovdur.
"Göyəzən" futbol klubu heç də Azərbaycan futbolunun inkişafında az rol oynamayıb. Komandada neçə-neçə tanınmış idmançılar yetişdirilərək müxtəlif futbol klublarına göndərilib.
Ömrünü, gününü Qazax futbolunun inkişafına sərf edən, daim futbolla nəfəs alan Mehdi Salmanovun əməyi qiymətləndirilərək, ona "Respublikanın Əməkdar Məşqçisi" adı verilib. 2012-ci ildən 2018-ci ilə qədər həm "Göyəzən" futbol klubunun, həm də Qərb Regional Futbol Federasiyasının Prezidenti vəzifəsini daşıyır.
P.S. Qazaxın "Göyəzən" futbol klubuna 2004-cü ildən bu günə kimi "Turan" bank maliyyə yardımı göstərir. Bankın əsas aparıcı simvollarından olan Şöhrət Vəkilov komandanın fəxri Prezidentidir.
Göstərilən maliyyə yardımı aşağı səviyyədə olduğu üçün komanda demək olar ki, böhran vəziyyətini yaşayır və yaxın günlərdə maliyyə yardımının artırılacağına söz verilib.
"Göyəzən" futbol klubunda oynayan futbolçular isə heç də ruhdan düşmür, komandanın təməlini qoyan, hər zaman onun gələcəyini düşünən Mehdi Salmanovun iradəsinə, mənəvi gücünə ümid edərək yarışlarda qələbə əzmi ilə yaşayırlar.
Aydın Baxış