Qabil Mehdiyev: “...İdman jurnalistikasının vəziyyəti maddi baxımdan ürəkaçan deyil”
Mehman Süleymanov: “İdman saytlarının səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri maliyyə sıxıntısıdır”
Bugün Beynəlxalq İdman Jurnalistləri Günüdür. 1995-ci ildən başlayaraq, hər ilin iyul ayının 2-si Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə xüsusi qeyd edilir. Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Bugün idmanın inkişafında, bu sahədə baş verən uğurların ölkə ictimaiyyətinə çatdırılmasında və problemlərin həllində idman jurnalistlərinin böyük əməyi var. Bu baxımdan həm tanınmış idman jurnalistlərinin peşə bayramını təbrik etmək, həm onların təbriklərini eşitmək, həm də idman sahəsindəki mövcud vəziyyəti dəyərləndirmək üçün bir neçə idman jurnalisti əlaqə saxladıq.
Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar journalist Qabil Mehdiyev “Sherg.az”a vurğulayıb ki, bu il 2 İyul - Beynəlxalq İdman Jurnalistləri Gününü çətin bir dövrdə qeyd edirik.
Q.Mehdiyev deyib ki, idman yarışlarının pandemiya səbəbi ilə təxirə salındığı bir dövrdə ən çox zərər görən sahələrdən biri də idman mediasıdır:
“Lakin buna baxmayaraq, idman jurnalistlərimiz əzmkarlıq göstərərək mövzu tapıb idmansevərlərin informasiya tələbatını ödəməyə çalışırlar. Bu gün Azərbaycanda idman jurnalistikasının vəziyyəti kadr baxımından qənaətbəxş olsa da, maddi baxımdan ürəkaçan deyil. Ölkəmizdə yetərincə layiqli idman jurnalistləri var. İstər telekanallarda, istər qəzet, istərsə də onlayn mediada öz işini bilən, bacarıqlı idman jurnalistlərimiz çalışır. Digər media sahələrindən fərqli olaraq, idman jurnalistikası daha çətin olsa da, əzmkar həmkarlarımız az deyil. Azərbaycan İdman Jurnalistləri Federasiyası olaraq qarşıda əsas məqsədimiz idman mediasını narahat edən problemlərin həllinə nail olmaqdır. Təəssüf ki, karantin rejimi dövründə geniş fəaliyyət göstərə bilmirik. Lakin inanıram ki, tezliklə bütün dünya, o cümlədən ölkəmiz bu çətin günləri geridə qoyacaq və digər sahələr kimi idman mediamız da normal fəaliyyətə başlaya biləcək. Fürsətdən istifadə edib, idman jurnalistlərimizi peşə günü münasibətilə təbrik edir, uğurlar arzulayıram”.
“Sport24.az” saytının redaktoru Mehman Süleymanov isə “Sherg.az”a deyib ki, idman jurnalistləri üçün iyul xüsusi və ən əlamətdar aydır:
“Axı, məhz bu ayda iki bayramı birdən qeyd edirik. İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günüdürsə, bundan 20 gün əvvəl Beynəlxalq İdman Jurnalistikası Gününü qeyd edirik. Məhz bu gün sırf peşəmizlə bağlı olduğundan, bizə daha doğma sayılır. Artıq 20-ci ildir, idman jurnalistikasında fasiləsiz fəaliyyət göstərirəm və təvazökarlıqdan uzaq olsa da, bu sahənin inkişafı, buna töhfə verməyim üçün yorulmadan çalışıram. Bu müddətdə müəyyən inkişaf mərhələləri keçmişik. 2001-ci ilin mayında idman jurnalistikasına gəldiyim zamanı internet mediası yox idi və ön planda qəzetçilik idi. Hesab edirəm ki, qəzet jurnalistikası böyük məktəbdir və bu məktəbi keçməyin gələcək fəaliyyətdə yalnız faydasını görürsən. Mənə də Azərbaycanda artıq 23 ildir fasiləsiz fəaliyyət göstərən “Futbol+” qəzetinin yetirməsi olmaq, bu nəşrin yaradıcısı, indiyədək baş redaktoru olan Mahir Rüstəmlinin yanında ilk addımlarımı atmaq fürsəti yarandı”.
Baş redaktor bildirib ki, 2006-cı ilin sonundan başlayaraq, ölkəmizdə idman saytları yaranmağa başladı:
“Say durmadan artdı və internet mediası ön plana keçdi. Artıq daha sürətli media işinə qol qoymağın zəruriliyi ortaya çıxdı. Qəzet nə qədər maraqlı olsa da, reallıq budur ki, operativ informasiya vermək iqtidarında deyil. Bu, idmanda daha qabarıq formada özünü büruzə verir. Sayt jurnalistikasına uyğunlaşmaq ilk vaxtlar çətin, buna zaman lazım olsa da, əsl peşəkarlar tədricən tempi tuta bildilər. İdman jurnalistikasında pulun peyda olması bura axına, hətta təsadüfi adamların gəlməsinə yol açdı. Bu da idman jurnalistikasında vəziyyətə mənfi təsirini göstərdi. Təkcə bizim yox, hər bir sahədə kəmiyyət deyil, keyfiyyət vacib olmalıdır. Fikrimcə, idman saytlarımız say olaraq Azərbaycan üçün xeyli çoxdur. Ölkədə normal fəaliyyət göstərən saytlar isə azdı. Təkcə bizim sahədə yox, ümumiyyətlə, jurnalistikada dezinformasiyalar, təhqirlər və qərəzlilik yolverilməzdir. Bu da öz növbəsində normal fəaliyyət göstərən idman jurnalistlərinin işinə kölgə salır. Bundan isə ümumilikdə idmanımız da zərər çəkir”.
M.Süleymanov vurğulayıb ki, idman saytlarının səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri də maliyyə sıxıntısıdır:
“Arzu edirəm ki, bizim sahədə maddi planda ilk növbədə stabillik olsun. Və təbii ki, inşallah, ölkədə koronavirus problemi tezliklə tam aradan qalxsın və nəticədə futbol, idman yarışlarımız bərpa olunsun. Bu da heç şübhəmiz, işimizə müsbət təsirini göstərəcək. Peşə bayramımız mübarək, həmkarlar !”.