Bavariya” Superkuboku da qazandı – 7 ildən sonra

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mükafat uğrunda həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

Çempionlar Liqasının son qalibi “Bavariya” Avropa Liqasının ən güclüsü “Sevilya”nı sınağa çəkib. Matçda hesabı erkən qolla ispanlar açsa da, Münhen təmsilçisi fasiləyə qədər status-kvonu bərpa edə bilib.

İkinci hissədə bərabərlik dəyişmədiyindən, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Xavi Martinesin 104-cü dəqiqədə vurduğu qol isə “Bavariya”ya əzmkar qələbə qazandırıb.

Beləliklə, 5-ci Superkubok oyununu keçirən “Bavariya” ikinci dəfə kuboku muzeyinə aparıb. Komanda həm də 2013-cü ildən sonra 7 illik həsrətə son qoyub. Münhenlilər eyni zamanda Bundesliqa, Almaniya kuboku və Çempionlar Liqasının ardından Superkubokun da qalibi olub.

“Sevilya” isə 6-cı Superkubok sınağında 5-ci məğlubiyyətini alıb. 2006-cı ildə kuboka yiyələnən əndəlüslülər 2007, 2014, 2015 və 2016-cı ildən sonra yenə meydanı məğlub tərk edib.

UEFA Superkuboku
24 sentyabr
23:00. “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya) - 2:1
Qollar: Qoretska, 34, Xavi Martines, 104 - Okampos, 13 (pen.)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Puşkaş Arena” stadionu