Bayden Çinə, yoxsa Hindistana üstünlük verəcək? – AKTUAL 

ABŞ-ın artıq keçmiş prezidenti Donald Tramp 4 il ərzində Hindistanla sıx əlaqələr qurdu, bu ölkəyə səfər etdi. Tramp Çinin dünyada və bölgədə artan təsir imkanlarını zəiflətmək üçün Hindistanla strateji əlaqələrə önəm verirdi. Vaşinqton Çinin Hindistanla sərhədində qeydə alınan toqquşmalarda birmənalı Dehlini müdafiə edirdi. Öz növbəsində Dehli də Vaşinqtonla strateji əlaqələrdən faydalanmağa çalışır, Çinlə mübarizədə güclü müttəfiq qazanmış olurdu.

Trampın prezidentliyi dövründə ABŞ-la Hindistan arasında təhlükəsizlik, kəşfiyyat mübadiləsi və hərbi sahədə bir neçə saziş imzalandı. ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper bu sazişlərə istinad edərək Hindistanın bu yüzillikdə Amerikanın əsas strateji təərfdaşlarından birinə çevriləcəyini vurğulayırdı. Bu tərəfdaşlığın tərkib hissəsi kimi Hindistan ABŞ, Avstraliya və Yaponiyadan formalaşan regional təhlükəsizlik dördlüyündə aktiv iştirak edərək birgə hərbi təlimlərə qatılırdı. Trampın prezidentliyi dövründə ABŞ-la Hindistan arasında ticarət dövriyyəsinin illik həcmi 150 milyard dollara çatdı. Bu, rekord göstəricidir. Digər tərəfdən indinin özündə Hindistan pandemiya ilə mübarizə aparan Amerika və digər dövlətlər üçün dərman preparatları üçün kimyəvi maddələr istehsal edən əsas ölkə rolunu oynayır.

İndi əsas sual budur: ABŞ-ın yeni prezidenti Cozef Bayden Trampın regional siyasətinə sadiq qalacaqmı?



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, Cozef Bayden Çinlə ticarət müharibəsinin tərəfdarı deyil və Trampdan fərqli olaraq Pekinlə dialoqu davam etdirmək istəyir.

Analitik bildirib ki, Bayden vitse-prezidenti olduğu keçmiş prezident Barak Obamanın dövründəki siyasətə qayıtmağa meyllidir:

“Buna baxmayaraq, siyasi ekspertlərin fikrincə, Bayden Çinin artan rolunu nəzarətdə saxlamaq üçün Hindistanla qurulan strateji təərfdaşlıqdan da imtina etməyəcək. Əks halda, yəni Vaşinqton Hindistanla əlaqələri zəiflətsə, dünyanın əhalisinə görə ikinci böyük ölkəsi Rusiya ilə yaxınlaşmağa başlayacaq, bu ölkədən hərbi texnikanın alışına üstünlük verəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Ona görə də Bayden administrasiyası Çinlə dialoqu Hindistanla münasibətlərə qurban verməyəcək”.

E.Şahinoğlu qeyd edib ki, Amerikada mövcud olan Respublikaçı və Demokratlar Partiyası da Hindistanla tərəfdaşlığı gücləndirməyə üstünlük verirlər:

“Yəni bu mövzuda iki partiya arasında konsensus var.

Baydenin prezidentliyi dövründə Amerika-Hindistan münasibətlərinə zəmin yaradan digər amil vitse-prezident Kamala Harrisin Hindistan kökənli olmasıdır.

Təsadüfi deyil ki, yeni administrasiyada Harrisdən başqa digər Hindistan kökənlilər də var. Bunlardan ikisi Bayden administrasiyasında koronavirusla mübarizə komitəsinin üzvü olacaq. Vivek Murti 2017-ci ilə qədər Amerikanın baş xirurqu idi. Tramp onu koronavirusla mübarizə işindən uzaqlaşdırdı, ancaq Baydenin yeni administrasiyası yenidən onu komandaya daxil edib. Bayden Trampdan fərqli olaraq koronavirusla mübarizəyə böyük qüvvələr cəbl etməyi planlaşdırır.

Hələliksə, Kamala Harrisin və Vivek Murtinin köklərinin gedib çıxdığı Hindistan ştatlarında bayramdır.

Kamala Harrisin və Vivek Murtinin hindistanlı qohumları ümid edirlər ki, Amerikanın yeni prezidenti və onun hind mənşəli köməkçiləri ata- baba yurdlarını unutmayacaqlar. Eyni ilə Barak Obama Amerika prezidenti seçiləndə onun keniyalı qohumları da toy-bayram edirdilər.

Doğrudur, Obama prezidentliyi dövründə Afrika ölkələrinə, o cümlədən ata yurduna səfər etdi. Amma səfərin və verilən vədlərin Keniyanın iqtisadiyyatında və ticarətində elə böyük rolu olmadı.

Qohumluq öz yerində, ancaq Amerika üçün önəmli olan milli və təhlükəsizlik maraqlarıdır. Hər halda Cozef Baydenin ilk öncə Çinə və ya Hindistana səfər etmək seçimində ikinciyə üstünlük verəcəyi ehtimalı yüksəkdir”.