İdman jurnalistikasının çox böyük auditoriyası var

Yetər ki, potensialımızdan geniş istifadə edək

Sevindirici haldır ki, Azərbaycanda da bu sahədə inkişaf görünməkdədir


Jurnalistikanın ən önəmli qollarından biri də idman jurnalistikasıdır. Ayrı-ayrı ölkələrdə jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. Ancaq Azərbaycanda idman jurnalistikası ilə bağlı müəyyən problemlər var. Daha doğrusu, bəzi ekspertlər hesab edir ki, idman mətbuatı digər sahə jurnalistikasının kölgəsində qalıb. Qeyd etmək lazımdır ki, müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunur. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar fəaliyyət göstərir. Əminliklə deyə bilərik ki, sahə jurnalistikası içərisində idman daha yaxşı inkişaf edib. İdman jurnalistikası digər sahə, məsələn, mədəniyyət və iqtisadiyyat jurnalistikasından həm dövriliyinə, həm də sayına görə hər zaman fərqlənib. Ancaq son zamanlar bu sahədə obyektiv və subyektiv səbəblərdən axsamalar oldu. 

Bəzi mütəxəssislər  idman mətbuatında ixtisaslaşma ilə bağlı o qədər də problemlərin olmadığını  düşünürlər, amma bəziləri isə bunun tam əksini. Əvvəllər bəzi idman növlərini bilmək baxımından problemlər vardı. Lakin ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər turnirlər keçirildiyi üçün idman jurnalistlərimiz də püxtələşməyə başladı. Ümumiyyətlə, Azərbaycanda hansı idman növü inkişaf edirsə, o növ üzrə də ixtisaslaşan jurnalistlər yetişdiyi sirr deyil. Bütün problemlərə rəğmən, mütəxəssislər hesab edirlər ki, gələcəkdə idman mətbuatı kadr baxımından problem yaşamayacaq. Çünki 2017-ci ildən idman jurnalistikasının inkişafı yönündə səmada ümid işığı görünməyə başlanıb. Belə ki, Böyük Britaniyanın Şefild Halam Universiteti ilə əməkdaşlıq çərçivəsində dünyaca məşhur media mütəxəssisi Dan Meyson, həmçinin PR və media sahəsində yerli və beynəlxalq təcrübəyə malik, proqram meneceri Ellada Mustafayeva tərəfindən təsis olunan ingilis dilli “İdman jurnalistikası” magistr proqramına qəbul keçirilib. Proqramın iştirakçıları dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar. Onlar, həmçinin proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıblar. Hətta artıq “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri, “Associated Press”, BBC, “Əl Cəzirə” kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlıq edirlər.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, tanınmış jurnalist  Vüqar Zifəroğlu “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanda idman jurnalistikası inkişaf etməkdədir. Onun sözlərinə görə, buna  səbəb ilk növbədə Azərbaycanın bir sıra vacib beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ilə xarakterizə olunur:

"Ümumiyyətlə, dünya idman jurnalistikası ən populyar istiqamətlərdən biridir. Təbii ki, onun son dərəcə böyük auditoriyası var və bu sahə çox ciddi maraq doğurmaqdadır. Yəni burada təkcə idman jurnalistikasından söhbət getmir. Nəzərə alaq ki, idmanın özünün də ayrıca növləri var. Xüsusilə də beynəlxalq idman mediasına nəzər yetirdikdə görərik ki, tək bizdə deyil, bir çox xarici ölkələrdə bu sahə üzrə ixtisaslaşmalar mövcuddur. İstər xarici ölkələrdə, istərsə də biz də ixtisaslaşmış idman kanalları, idmanla bağlı nəşrlər kifayət qədərdir. Hətta bəzən şahidi oluruq ki, ixtisaslaşmış elə peşəkar idman jurnalistləri var ki, onlar artıq təkcə jurnalist kimi deyil, həm də bir ekspert kimi rəylər verirlər. Yəni müxtəlif araşdırmalarla yanaşı, onlar həmin sahələrlə bağlı maraqlı mövzularda ekspert kimi çıxış etməkdədirlər. Sevindirici haldır ki, Azərbaycanda da son illərdə bu sahədə inkişaf görülməkdədir. Amma bu da ilk növbədə başqa bir məqamla xarakterizə olunur".

 V.Zifəroğlu qeyd edib ki, ölkəmizdə idman sahəsi ilə bağlı ixtisaslaşmış media quruluşlarının sayı da kifayət qədər artıb: "İdmanla bağlı bir neçə kanallarımız, çox sayda xəbər portallarımız var.

Yaxşı olardı ki, bu sahə daha da qabağa getsin və inkişaf etsin. Bir məqamı qeyd etmək istərdim ki, bu yaxınlarda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində olub. Görüşdə bir sıra müzakirələr edilib. Qeyd edim ki, görüş zamanı idman jurnalistlərinin ixtisaslarının təkmilləşdirilməsinə davamlı olaraq mümkün töhfələr vermək məqsədilə Jurnalistika fakültəsi ilə AİJA arasında əlaqələrin genişləndirilməsi və səylərin birləşdirilməsi qərara alınıb. Hətta dünyanın ən nüfuzlu idman jurnalistləri təşkilatı - Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) rəsmi saytında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlığına xüsusi yer ayırıb. Sevindirici haldır ki, AIJA rəhbərliyinin BDU jurnalistika fakültəsində görüşü AİPS-nin rəsmi saytında baş xəbər olub".

V.Zifəroğlu əlavə edib ki, idman jurnalistikasının gələcəkdə gücləndirilməsi və daha inkişaf etməsi ilə bağlı maraqlı treninqlər, layihələr həyata keçirəcək:

"Yəni maksimum dərəcədə daha artıq inkişaf etməsi üçün maraqlı layihələr icra olunacaq. Ümumiyyətlə, idman jurnalistikasına maraq da çoxdur. Bu mənada maraqlı, gözəl layihələr həyata keçirməyi planlaşdırırıq ki, idman jurnalistikasına müəyyən qədər öz töhfəmizi verək. Bildiyimiz kimi, bir neçə il bundan öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası ilə bağlı magistr proqramı açılıb. İdman jurnalistikasında dərs deyən müəllimlərin bir çoxu bizim fakültə müəllimlərimiz idi. Sevindirici haldır ki, bizim müəllimlər də bu prosesə cəlb olunmuşdu. Hətta magistraturada təhsil alanların bir neçəsi bizim bakalavr məzunlarımız idi. Şübhəsiz ki, bunu da bu sahədə uğur hesab etmək olar. Əminəm ki, bu proqram müvəffəqiyyətli şəkildə bundan sonra da davam edəcək. Bir jurnalist əgər bu sahəyə daxil olursa, istər-istəməz üzərində işləməli və özünü təkmilləşdirməlidir. Əgər mən futboldan, basketboldan yazıramsa, bu idman növlərini mütləq bilməliyəm. Bir jurnalist kimi bunda maraqlı olmalıdır ki, bu sahədə özünü yetişdirsin. Həmin sahə ilə bağlı daim üzərində işləməli və eyni zamanda o sahə üzrə baş verən yeniliklərdən mütləq xəbərdar olmalıdır".

Ümumiyyətlə, jurnalistikada ixtisaslaşmanın müasir tələb olduğunu qeyd edən V.Zifəroğlunun sözlərinə görə, jurnalistin konkret bir sahə üzrə ixtisaslaşması, onun bir peşəkar olaraq yetişməyinə, cəmiyyətdə qəbul edilməsinə son dərəcə ciddi təsir göstərir: "Amma şəxsən mən arzu edərdim ki, bizdə analitik və araşdırma jurnalistikasına da diqqət ayrılsın. Bu sahədə ixtisaslaşma olarsa, jurnalistika gerçəkliyi daha dolğun əks etdirə bilər. Tələbələr jurnalist olaraq, öz sahələrini daha dərindən öyrənmiş olar”.

"Sport24.az"ın baş redaktoru Ceyhun Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, jurnalistikada mütləq ixtisaslaşma olmalıdır. Onun sözlərinə görə, bəzi həmkarlarımız digər sahələrə baş vurmağa cəhd etsələr də, müəyyən axsamalar olur:

"Hesab edirəm ki, jurnalistikada ixtisaslaşma olmalıdır.  Amma təbii ki, bəzi istisnalar var. Bəzən idman, siyasət, mədəniyyət və jurnalistikanın digər sahələrinə baş vurmağa cəhd edən həmkarlarımız universal olmağa çalışsalar da, peşəkarlıqda axsayırlar. Buna görə də mütləq şəkildə ixtisaslaşma olmalıdır. Özü də idmanın içərisində də bu, baş verməlidir. Məsələn, mən sinxron üzgüçülük, bədii gimnastika, voterpol və bir sıra idman növləri barədə olduqca səthi məlumata sahibəm. Sizcə, bu növlər barədə mənim yazacağım material, götürəcəyim müsahibənin səviyyəsi qənaətbəxş ola bilərmi? Əlbəttə ki, yox". 

C.Əliyev əlavə edib ki, idman spesifik sahədir:


"Bu yaxınlarda “Report”-da Teymur Rəcəbovun iştirakı ilə turnirin videoşərhində iştirak edirdim. Tərəf-müqabilim beynəlxalq qrossmeyster Vasif Durarbəyli idi. Jurnalist olaraq seçimin mənim üzərimdə dayanmasının səbəbi üzdə idi. Vaxtilə şahmatla peşəkar səviyyədə məşğul olmuşam. Və qrossmeysterimizlə söhbət zamanı “sizcə, kim üstündür?”, “Teymur niyə bu gedişə üstünlük verir?” tipli bayağı suallar verməyəcəkdim. Ancaq dərindən bilmədiyin sahəyə qol qoyanda peşəkarlar bunu dərhal hiss edir. O zaman sənin işinə heç vaxt yüksək qiymət verilə bilməz".