“Real” iki turdan sonra qələbə qazandı 


Martın 13-də futbol üzrə İspaniya La Liqasının 27-ci turunun növbəti oyunu keçirilib.

“Real Madrid” öz meydanında autsayder “Elçe” komandasını qəbul edib. Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər üç qol ikinci hissədə vurulub. Matçın 61-ci dəqiqəsində “Elçe”nin futbolçusu Dani Kalvo komandasını hesabda önə çıxarsa da, “Real Madrid” ardıcıl iki qol vuraraq qələbə qazanmağa nail olub. “Elçe”nin qapısından hər iki qolu Kərim Benzema keçirib. Bununla da fransız hücumçunun cari mövsüm La Liqada vurduğu qolların sayını 15-ə çatdırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 57-yə çatdıran “Real Madrid” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Elçe” isə 24 xalla 17-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid”in əzəli rəqibi “Barselona” növbəti oyununu martın 15-də öz meydanda “Ueska”ya qarşı keçirəcək. (azərtac)