İngiltərənin “Mançester Yunayted” klubundan xallar çıxıla bilər.
Oxu.Az xəbər verir ki, buna səbəb dünən İngiltərə Premyer Liqasının XXXIV turunun “Mançester Yunayted” – “Liverpul” görüşünün baş tutmamasıdır.
5 minə yaxın “Mançester Yunayted” azarkeşinin oyundan öncə klub sahibi Qleyzerlər ailəsinə etirazı matçın təxirə salınmasına səbəb olub. Onlar stadionun içərisinə daxil olublar və bununla da təhlükəsizlik naminə matç baş tutmayıb.
Oyunun yeni tarixi isə hələ açıqlanmayıb. Mayın 23-də Premyer Liqanın başa çatacağını nəzərə alsaq, bu matç üçün təqvimdə xüsusi yer yoxdur. Məsələ burasındadır ki, bu həftə ortası (6 may) “Mançester Yunayted” “Roma” ilə Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşünə çıxacaq. Digər həftəortası və həftəsonu isə “Mançester Yunayted”in çempionat oyunları var.
Bu səbəbdən də “Manchester Evening News” bu matç keçirilməyəcəyi halda “Mançester Yunayted”in xallarının cəza olaraq silinə biləcəyi variantını istisna etməyib.