Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra revanşizm əhval-ruhiyyəsi, başda Fransa olmaqla bəzi dövlətlərin təhriki ilə daha da artmaqdadır. Ermənistana Fransa tərəfindən silahların verilməsi, Hindistandan yeni silahların alınması, Yunanıstanın S-300 raket komplekslərini vermək niyyəti Cənubi Qafqazda kövrək sülhün pozulması ehtimalını gücləndirir. Bəzi politoloqların fikrincə, Paşinyanın reytinqinin getdikcə aşağı düşməsi onu yeniliklərə məcbur edir. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda, Azərbaycan üzərində kiçik də olsa qələbə qazanmaqda görür.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Oqtay Qasımov bildirir ki, Ermənistan rəhbərliyi hər dəfə sülhdən danışandan sonra adətən sərhəddə yeni təxribatlar və sürətlə silahlanma müşahidə olunur:
"Xüsusilə də bu, son bir ildə intensiv xarakter alıb. Rəsmi İrəvan 2024-cü ildə, xüsusilə COP29 müddətində, sülhə hazır olduqları ilə bağlı bəyanatlar səsləndirirdi. Lakin biz 5 apreldəki Brüssel üçtərəfli görüşündən sonra Ermənistanın silahlandırıldığını görürük. Qarşı tərəf silahların müdafiə üçün alındığını iddia etsə də, bunlar əsasən hücum silahlarıdır. Fransa, Yunanıstan, Hindistan və cənub qonşumuz İran Ermənistanı revanşa həvəsləndirir. Onlar Cənubi Qafqazda hərbi balansı dəyişərək regionda yeni qarşıdurmalar yaratmağa çalışırlar".
Ekspert əlavə edib ki, Qərb dövlətləri rəsmilərinin intensiv şəkildə Ermənistana səfərləri, son olaraq Polşa prezidentinin səfəri zamanı sərhəd bölgəsinə gələrək ərazilərimizi izləməsi, bu prosesləri dəstəkləyir:
"Hazırda fransızların yardımı ilə sərhədlərdə istehkam sistemləri, tunellər və müxtəlif hərbi obyektlər qurulmaqdadır. Ermənistan və onun havadarları bu addımları atmaqla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Son baş verənlər eskalasiya riskinin artacağını göstərir. Sözügedən hadislər, əlbəttə, tərəflər arasındakı sülh proseslərinə ciddi zərbə vurur. Əgər vəziyyət Azərbaycan üçün təhdid yaratsa, təbii ki, rəsmi Bakı bu məsələdə ciddi tədbirlər görəcək".