Elnur Məmmədli: "Çünki qarşıda idmançılarımızı Tokio Yay Olimpiya Oyunları gözləyir"
"Təklif edirəm ki, idmançılar həftədə iki-üç dəfə yoxlanışdan keçsinlər. Bundan sonra nə problem var ki? Bu günləri şahid oluruq ki, avtobuslar basabasdır, restoranlar doludur. Bəs burda COVİD-19 yoxdur?"
"Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi, həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır, insanlar normal şəkildə idmanla məşğul olmalıdır.
Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərlə anlatmağa çalışır ki, nələri etmək vacibdir". Bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında qeyd edib. Deputat iddia edib ki, bizdə çevik jurnalistika yoxa çıxmış kimidir: “Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə Prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”.
Sözügedən mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, idman zallarının açılması vacibdir:
"Çünki qarşıda idmançılarımızı Tokio Yay Olimpiya Oyunları gözləyir. Artıq yarışlara iki ay qalıb. Bildiyimiz kimi, bu çox mötəbər yarışdır. Buna görə də idmançılarımızın tam formada olması mütləqdir. Məlumdur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Hər olimpiadada idmançılarımız gözəl qələbələri ilə bizləri sevindiriblər. Amma təəssüflər olsun ki, bu dəfə işimiz Allaha qalıb. Çünki idmançılarımız düzgün məşq edə bilmirlər. Onların yarışlara qatılmaları üçün isə yaxşı formada olmaları mütləqdir".
E.Məmmədli vurğulayıb ki, bu günləri bütün dünyada idman yarışları keçirilir:
"Ötən gün Cənab Prezident idman alətlərini qaldıraraq məşq etdi. Yəni bu onu göstərdi ki, idman sağlamlıqdır. Hər kəs formada olmalıdır. Bildiyimiz kimi, koronavirus xəstəliyinin ən böyük problemlərindən biri immunitetin zəif olmasıdır.
İdman edən şəxslərdə isə immunitet yüksək olur. Düşünürəm ki, bu səbəbdən idman zalları, hovuzlar, hamamlar açılmalıdır. Bunlar hamısı bir-birilə bağlıdır. Çünki idmançılarımızın əzələ doldurmaları və çəki salmaları üçün bunların hər birinin açılması vacibdir.
Ona görə də hesab edirəm ki, səlahiyyətli qurumlar düşünməlidir ki, artıq idman olmalıdır və idman zalları açılmalıdır. Heç olmasa, bu sahədə müəyyən proqramlar tərtib olunmalı və idmançılar məşqə başlamalıdır. Təklif edirəm ki, idmançılar həftədə iki-üç dəfə yoxlanışdan keçsinlər. Bundan sonra nə problem var ki? Bu günləri şahid oluruq ki, avtobuslar basabasdır, restoranlar doludur. Bəs burda COVİD-19 yoxdur? Hesab edirəm ki, peyvənd vurulanadək hansısa formada zallar açılmalıdır. Çünki idmançılarımız artıq formadan düşürlər".