“Ermənistanı Rusiyaya qarşı cəbhədə piyada kimi istifadə etməyə çalışır”
“Buradakı bir neçə məsələ isə Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edir”
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycanla sərhədə yollanıb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, amerikalı diplomat Zəngəzur vilayətinin qubernatoru ilə görüşüb. O qubernatorla bu ayın ortalarında baş verən gərginliyi müzakirə edib.
Səfəri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, ABŞ-ın Azərbaycanla bağlı qərəzli yanaşmaları klassikdir və Vaşinqton həmin tərzi özü üçün prinsipə çevirib:
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ genişləndirilmiş məzmuna uyğun, öz maraqlarına əlavə dəyər yükləməyə çalışdı. Yəni rəsmi Vaşinqton Bakını da Qərbin Moskvaya qarşı birləşmiş səylər orbitinə daxil etmək istəyirdi. Amma Azərbaycan təmkinini pozmadan, prosesləri düzgün analiz edərək nə Rusiyanın, nə də ABŞ-ın maraqlarının ifadəçisi olan bir alətə çevrildi.
Ağ Evin Azərbaycana yanaşma tərzində Ermənistana paslar ötürməsinin, rəsmi Bakı üçün təəccüblü olduğuna isə inanmıram. Çünki ABŞ Rusiyaya Cənubi Qafqazda uduzmaq istəmir və Ukraynadakı müharib fonunda Moskvanın bu regionda olan maraqlarını əlindən almaq istəyir.
Lakin hesab edirəm ki, Qərb Cənubi Qafqaza dair canlandırıcı bir siyasət yürütsə də, Rusiyaya uduzur. Bu məğlubiyyətin kompensasiya nöqtəsi isə Ermənistandır. Hərçənd ki, Bakı da, Vaşinqton da bir-birinin əlaqələrinə xələl gətirmək niyyətində deyil.
Çünki Azərbaycanla ABŞ münasibətləri yüksək səviyyəyə qalxıb və qarşılıqlı maraqların dairəsi genişləndirilib. Digər tərəfdən isə Ağ Ev əlindəki kozırları masaya qoyur və Ermənistanı Rusiyaya qarşı cəbhədə piyada kimi istifadə etməyə çalışır. Buradakı bir neçə məsələ isə Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edir”.