Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi hazırlanır

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də yan keçməyib 


  "2022-ci il Azərbaycanda idmanın inkişafı və bu sahədə əldə etdiyimiz nailiyyətlər baxımından uğurlu olub". Bu barədə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. Vitse-spiker bildirib ki, bu inkişaf və nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir: "2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edən Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev bildirdi ki, “keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu”.

İdmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-ə qədər qızıl medal qazanması bu dinamik inkişafın idman sahəsini də əhatə etdiyini əyani surətdə təsdiq edir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli idman tədbirlərinə ev sahibliyi etmiş paytaxt Bakıda və bölgələrdə çoxlu sayda olimpiya mərkəzləri, idman kompleksləri inşa edilib. Gəncə şəhərində Azərbaycanın ən böyük idman sarayı inşa olunur. Bütün bunlar Azərbaycanda idmanın kütləviliyinə nail olmaq  və onun inkişafı üçün geniş imkanların yaradıldığının göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri nəticəsində bu proses daha geniş miqyas alacaq. Qarabağ və Şərqi Zəngəzurda start verilmiş nəhəng bərpa və yenidənqurma işlərinin ilkin nəticələri artıq göz önündədir. Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının inşası, Şuşaya Zəfər yolunun çəkilişi və Şuşada mədəniyyət abidələrimizin bərpası, Zəngilan rayonunda inşa edilmiş "ağıllı kənd"ə Ağalı kəndinin doğma sakinlərinin qayıdışı  bunun bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də yan keçməyib". 

A.Əliyev qeyd edib ki, artıq bu ərazilərdə müasir idman komplekslərinin inşası istiqamətində işlər başlayıb: 

"Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi hazırlanır. Yenidən qurulacaq bu stadionun yanında Olimpiya İdman Kompleksi yaradılacaq. Qeyd edilməlidir ki, 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub.

 İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır. İdmançılarımızın və idman mütəxəssislərimizin sosial problemlərinin həlli, onların  məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olub: 

"2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin yüksək nəticələr əldə etmiş bir qrup idmançı və idman mütəxəssislərini mükafatlandırması bu diqqət və qayğının daha bir göstəricisidir".