Dudanın Makronsayağı davranışları Cənubi Qafqazla siyasətinə ciddi təsir göstərə bilər -ŞƏRH

Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb. 

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Avropa Birliyinin müşahidə missiyası adı altında fəaliyyət göstərən həmin qrupun işinə Azərbaycan Praqada görüşündə icazə vermişdi:

“Həmin qrupun fəaliyyətiylə bağlı konkret zaman müəyyənləşmişdi və onlar həmin vaxt çərçivəsində işini yekunlaşdırmalıydı. Yəni Ermənistan Azərbaycan qarşısında belə bir öhdəliyi öz üzərinə götürmüşdü. Buna baxmayaraq rəsmi İrəvan davamlı şəkildə həmin qrupun fəaliyyət müddətinin uzadılması ilə bağlı qərarlar çıxarır. Müşahidə missiyası altında fəaliyyət göstərən qrup da “Binokl diplomatiyası” həyata keçirməklə kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Onların yanına Fransa bayrağı olan avtomobillər yerləşdirilib. Fransa kəşfiyyatçıları da onlara qoşularaq faktiki şəkildə Azərbaycanla sərhəddə kəşfiyyat məlumatları yığırlar. Bu Azərbaycana qarşı qərəzli mövqedir. Azərbaycanla münasibətləri normal səviyyədə olan Polşa Prezidenti Andjey Dudanın müşahidə missiyasını ziyarət etməsi və onların fəaliyyəti ilə bağlı sözlər deməsi  də kifayət qədər qərəzli yanaşmadır. Görünən odur ki, Polşa prezidenti hakimiyyətdən getməsinə az qalan bir vaxtda regionda gərginliyin artmasında maraqlıdır. Hesab edirəm ki, Duda özünü Fransa prezidenti Emmanuel Makronun yanında görür. Dudanın Makronsayağı davranışları onun Cənubi Qafqazla siyasətinə ciddi təsir göstərə bilər. Hətta Bakı və Varşava arasındakı münasibətlərə ciddi şəkildə xələl yetirər. Polşa regionda sülh və təhlükəsizliyə əngəl yaradacaq addımlardan qaçınmalıdır. Çünki belə addımlar onun öz ziyanınadır. Duda yaxşı bilir ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır və rəsmi Bakıyla münasiblətləri pisləşdirmək Polşaya yaxşı heç nə vəd etmir”.