“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə qarşı ev matçını şərh edib.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabına baxmayaraq, rahat qələbə qazanmadıqlarını deyib:
“Futbolçularımı təbrik edirəm. Vacib oyunda önəmli üç xal qazandıq. Komandam topla dinamik rəftar etdi, oyundan razı qaldım. Rəqibin yaxşı əks-hücumlarının olduğunu bilirdik, buna görə müdafiədə də diqqətli olmalı idik. Asan qələbə olmadı. Çoxlu qol imkanları da yaratmadıq. Rəqib son sırada olsa da, meydanda böyük fərq olduğunu deməzdim. “Səbail” ölkə kubokunda “Sabah”ı mübarizədən kənarlaşdırıb. Biz də bu turnirdə yoxuq. Hər komandanın bir-birinə qalib gəlmək potensialı var. Büdcə, şərait fərqli ola bilər, amma indi futbol elə bir səviyyədədir ki, əsas olan meydandakı müqavimətdir”.
Baş məşqçi ikinci yerin sahibi “Sabah”la 9 xallıq fərqin olmasını hələ çempionluğun əldə edildiyi anlamına gəlmədiyini söyləyib:
“Qarşıda 10 oyun var və bu, 30 xal deməkdir. Gərgin görüşlərimiz olacaq. İstənilən oyunda xal itirmək ehtimalımız var. Düzdür, fərq 9 xaldır, ancaq bu haqda düşünmürük. Çempion olmaq istəyirik. Hələ heç nə təmin olunmayıb”.
Qurban Qurbanov çempionatda rəqabətin artmasının vacibliyini vurğulayıb:
“Bu mövzu barədə çox fikir bildirmək istəmirəm. Ölkə futbolunun yaxşı səviyyədə olması üçün çempionatda rəqabət artmalıdır. Klubların şəraitləri daha yaxşı olmalıdır. Bu, bizim avrokubok oyunlarımıza təsir edir? Nəsə demək çətindir. Tam cavablandıra billmirəm. Biz çempionatımızın səviyyəsini artırmalıyıq, maraq böyük olmalıdır. Hər rəqibi rahat məğlub etmək olmur. İstənilən komanda bizimlə oyuna xüsusi taktika ilə çıxır. Bu, məni sevindirir”.
50 yaşlı çalışdırıcı yeni transferlər - Adama Diakabi və Yassin Benzianın zədələnməsinin onun planlarını pozduğunu bildirib:
“Bu, məni sıxır. Planlarıma görə, bu iki futbolçu indi yaxşı səviyyədə olmalı idilər. Əfsuslar olsun ki, kiçik zədələr buna mane oldu. İstəyərdim ki, zədələnməsinlər. Biz yenə səbr etməliyik. Potensialı olan futbolçuların tez formaya düşməsini istərdim”.
Q.Qurbanov Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün “Beşiktaş” klubunun Azərbaycan təmsilçilərindən biri ilə xeyriyyə oyunu keçirmək istəməsinə münasibət bildirib. O, istanbullularla hər hansı danışığın olmadığını söyləyib:
“Beşiktaş”la danışığımız olmayıb. Digər komandalara müraciət varsa, yaxın zamanda bilinəcək. Hamımız belə oyunun baş tutmasını istərdik”.