Dünən Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib.
Qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunub. Oyun İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qardaşlıq oyunu barədə geniş müzakirələr edilib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi iddia edir ki, stadionun yarısı "Qalatasaray" formalı azerkeşlər olub.
Jurnalist Vüsal Məmmədov feysbuk hesabında yazır:
"Bizim bir şəhidimiz qəbrinin üstündə "Qalatasaray"ın bayrağının asılmasını vəsiyyət etmişdi. Asmışdılar da. İndi nə edək, onu da qınayaq ki, niyə "Qarabağ"ın azarkeşi deyil?!".
Müzakirələrə qoşulan millət vəkili Aqil Abbas "Sherg.az"a açıqlamasında stadiondakı azerkeşlərin əksəriyyətinin "Qalatasaray" tərəfdarı olduğunu bildirib:
""Qarabağ" komandası "Qalatasaray"dan gözəl oynadı. Lakin sanki "Qarabağ" rəqib meydançasında oynayırdı. Sadəcə "Qalatasaray" üçün penalti şansı yarandı, üstünlük qazandı. Biz yaxşı oynayırdıq. Komandamız qətiyyən motivasiyadan düşməz.
Öz qardaşına uduzub. Təsir edən odur ki, elə bil komandamız başqa yerdə matçda iştirak edib. Yəqin növbəti oyunda azerkeşlərimiz yığışacaq".