Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 35 yaşlı idmançı finala gedən yolda polşalı Anna Lukasyakla qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Stadnik həlledici qarşılaşmaya vəsiqə qazanıb. Ukrayna əsilli səkkizqat Avropa çempionunun finaldakı rəqibi həmyerlisi Oksana Livaç (Ukrayna) olacaq.
16:05
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın qadın güləşçilərindən ikisi qitə birinciliyində yarımfinala adlayıb.
50 kq çəki dərəcəsində yarışan Mariya Stadnik iki rəqibini məğlub edərək, yarımfinala yüksəlib. Səkkizqat Avropa çempionu əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.
59 kiloqramdakı Alyona Kolesnik mübarizəyə 1/4 finalda başlayıb. O, burada Morena de Vitanın (İtaliya) kürəyini yerə vuraraq yarımfinalda yarışmaq hüququ qazanıb.
Digər qadın güləşçi Elnurə Məmmədova (55 kq) 1/8 finalda Litva təmsilçisi Laura Staneliteni üstələyib. Lakin növbəti mərhələdə o, rumıniyalı Andrea Anaya uduzub. Əgər rumın güləşçi finala yüksələ bilsə, Elnurə bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edəcək.
Bu gün, həmçinin, sərbəst güləşçimiz Abubakr Abakarov bürünc medal uğrunda güləşmək hüququ qazanıb. 86 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada İvars Samusonoksa (Latviya) qalib gəlib. O, üçüncü yer uğrunda slovakiyalı Boris Makoyevlə üz-üzə gələcək.
74 kq-dakı Cəbrayıl Qadjiyev Soner Demirtaşa (Türkiyə) yenilib və medal şansını əldən verib.
11:18
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayacaq.
50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək. 55 kq-dakı təmsilçimiz Elnurə Məmmədova litvalı Laura Stanelite ilə görüşəcək. 59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq çəki dərəcəsində Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) üz-üzə gələcək. 74 kq-dakı Cəbrayıl Hacıyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.