O, Paris Olimpiadasında birincilik əldə etmək istəyir
83 yaşlı fransız qadın Paris Olimpiadasında birincilik əldə etməyi qarşısına məqsəd qoyub. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, indiyədək xeyli mükafatlar, medallar qazanmış Barbara Humbert yaşının bu çağında da idmanın yüngül atletika növü ilə məşğul olur, qaçış marafonlarına qatılır. Qaçış həvəskarı olan Barbara Humbert idmanın sağlamlığın əsası olduğunu əyani sübut edir. Parisin yerli mediasına açıqlama verən Barbara Humbert idmana bağlılığıyla gənclərə örnək davranış sərgiləmək istədiyini deyib. Onu tanıyanlar da “83 yaşlı qadın əzmi və həyat enerjisiylə gənclərə nümunədir”, deyirlər. Barbara Humbertin indilik ən böyük arzusu isə Paris Olimpiadasında iştirak edib olimpiya çempionu adını qazanmaqdır. Barbara Humbert yaşlı vaxtında idmandan nəinki əl çəkməyən, hətta qalib olan, medallar qazanan tək qadın deyil. Müxtəlif zamanlarda oxşar örnəklərə rast gəlinib. ABŞ-də 82 yaşlı Kristel Donli 100 metrlik məsafəni 21 saniyədə qət edərək rekorda imza atıb. 2017-ci ildə Luiziana ştatında keçirilmiş yarışda ikinci pilləni 92 yaşlı Meri Norkauer, üçüncülüyü isə 101 yaşlı Culiya Hokins qazanıblar. Onlardan əvvəlsə 101 yaşlı hindli qadın Beynəlxalq Veteranlar Oyunlarında 100 metrlik məsafəni 1 dəqiqə 14 saniyədə başa vurub. Yəni təkcə döyüşə “qocalar” getmirmiş, idmana da qocalar damğa vururmuş.