Azərbaycanın Universiadada bayraqdarları bəlli olub

Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında Azərbaycanın bayraqdarları bəlli olub.

“Report”un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Nicat Həsənov mətbuat konfransında bildirib.

Nazirlik rəsmisi bildirib ki, kişilərdən atlet Nazim Babayev, qadınlardan isə cüdoçu Gültac Məmmədəliyeva bayraqdar vəzifəsini icra edəcəklər.

O, 88 idmançının, ümumlikdə 134 nəfərlik heyətin Çinə yollanacaqlarını söyləyib. İyulun 24-də Çenduya yola düşəcək Azərbaycan komandası avqustun 9-da Vətənə qayıdacaq.

Nicat Həsənov yarışda uğurlu çıxışa ümid etdiklərini vurğulayıb: “Hər bir idmançımızdan nəticə gözləyirik. Bəzi idman növləri var ki, birbaşa təlim-məşq toplanışlarından sonda turnirə yollanacaqlar”.

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.