Güləşçilərimiz Polşada 9 medal qazanıb

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə beynəlxalq turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışın son günündə sərbəst güləş üzrə yığmanın 6 üzvü mübarizə aparıb və hamısı fəxri kürsüyə qalxıb.

61 kq

Əliabbas Rzazadə amerikalı Aaron Qaretlə (11:10) argentinalı Herman Almendraya (tuş) qalib gəlib. Ancaq üçüncü görüşdə hakimlərin mübahisəli qərarı ilə ABŞ-ın digər təmsilçisi Austin Desantoya 3:4 hesabı ilə məğlub olub. Gürcüstanlı Ramaz Turmanidzeni (4:0) üstələyən Əliabbas bürünc medala sahib çıxıb.

65 kq

Hacı Əliyev polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb - 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə "tuş"la qalib gələrək turniri üçüncü pillədə başa vurub.

70 kq

Maqomed-Başir Xaniyev gürcüstanlı Sandro Sardanaşvili (11:0) və macarıtanlı Daniel Antal (10:2) üzərində inamlı qələbələr qazanaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə amerikalı Duqlas Veberə 2:6 hesabı ilə məğlub olan Xaniyev gümüş medalla kifayətlənib.

74 kq

Turan Bayramov ilk 2 görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş), Xadjimurad Qadjiyev isə gürcüstanlı Luka Çxitunidzeylə (8:1) isveçrəli Tobias Portmana (7:1) qalib gəlib. Üçüncü mərhələdə milli üzvləri bir-biri ilə qarşılaşıb. Turan Xadjimurad üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib.

Digər səbətdə yer alan Cəbrayıl Qadjiyev bolqarıstanlı Ali Paşa Umarpaşayev (10:10), polşalı Kamil Ribiçki (9:0) və Bolqarıstanın digər təmsilçisi Ramazan Ramazanovu (5:4) məyus edərək adını finala yazdırıb.

Yunanıstanlı Georgios Kuqiumtsidis xalçaya çıxmadığı üçün Xadjimurad üçüncü yeri tutub. Azərbaycan finalı isə gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Polşada çempion olub.

Beləliklə, güləşçilərimiz ənənəvi turniri 3 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, öncəki günlərdə Mariya Stadniklə (50 kq) Osman Nurmaqomedov (92 kq) qızı, Georgi Meşvildişvili (125 kq) isə gümüş medal qazanıb.