Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra turnir üçün statistik göstəricilər açıqlanıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Redon Cica bombardirlər arasında liderdir.
Albaniyalı hücumçunun hesabında beş qol var. Son olaraq Bakıda Polşa “Rakuv”una qarşı keçirilən cavab görüşündə fərqlənən 25 yaşlı forvardı hərəyə dörd qolla İslandiya “Breydablik”indən Hösküldür Günleqsson və Farer adalarının “Klaksvik” klubundan Arni Frederiksberq izləyir.
“Qarabağ” iki təsnifat mərhələsinin yekunlarına əsasən, ən intizamlı ikinci, ən çox qol vuran dördüncü komandadır. “Atlılar” cəmi 44 qayda pozuntusuna yol veriblər. Azərbaycan çempionunun üzvləri altı dəfə sarı vərəqə ilə cəzalandırılıblar. Komanda doqquz dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə dueldən məğlub ayrılaraq (2:3, 1:1) Çempionlar Liqasında mübarizəni dayandırıb.