Uşakda yaşayan 11 yaşlı Berkay Sarıay motosiklet həvəskarıdır. 5 yaşında sürməyi öyrəndiyi motosikletlə bir çox milli və beynəlxalq yarışlara qatılıb. O, 6 il ərzində 12 kubok qazanıb. Balaca motosikletçinin məqsədi dünya çempionatıdır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə yaşadığı Aksaraydan yarış yolu olduğu üçün əvvəlcə Kocaeli, sonra isə Uşak şəhərinə köçən Sarıay Türkiyə Supermoto Çempionatında “65cc” və “Mini GP” kateqoriyalarında çempion olub.
Beynəlxalq çempionatlara da qatılmağa başlayan Sarıay, 2022-ci ildə Balkan Motosiklet Birliyinin təşkil etdiyi Şərqi Avropa Çempionatının Şimali Makedoniya və Rumıniya ayağında qatıldığı "65cc" yarışlarında ikinci olmağı bacarıb.
Sarıay bu il Türkiyə Supermoto Çempionatında yenidən çempion olarkən, Rumıniyada keçirilən Şərqi Avropa Çempionatı yarışlarında da 4 kateqoriyada birincilik qazanıb. Keçən ay 11 yaşı tamam olan Berkay Sarıay qatıldığı yarışlarda 7-si birinci, 5-i ikinci olmaqla 12 kubok qazanıb.
Berkay Sarıay motosiklet sürməyi çox sevdiyini və gələcəkdə dünyada ad çıxarmaq arzusunun olduğunu bildirib.
Ata Mustafa Sarıay övladının istedadlı olduğunu görüb, bu idman növündə inkişaf etməsi üçün dəstək olduqlarını, zəhmətlərinin və fədakarlıqlarının çempionluqlarla mükafatlandırıldığını bildirib.
Özünün də motosiklet sürdüyünü, lakin heç vaxt trasda yarışmadığını ifadə edən Sarıay, "Berkay çox həvəsli idi. Həmişə mənim motosikletimə minirdi. Çalışdırmaq üçün mübarizə aparırdı. 5-6 yaşında ikən məndən kiçik motosiklet istədi. Belə başladı. Kiçik bir motosiklet aldım. Cəsarətini gördüm. O yolla başladıq. Üçüncü ildir. 3 ildir çempiondur. Türkiyədə və xaricdə çempionluqları var. Uğurla başladı və uğurla davam edir. Biz xoşbəxtik və fəxr edirik” deyə bildirib.