Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın “Bayer”(Leverkuzen) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq.
“Qarabağ”ın “Bayer”i keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.
Əgər “Qarabağ” Almaniyanın “Bayer”(Leverkuzen) komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq. Xatırladaq ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır.
Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində baş tutacaq.
Axşam baş tutacaq oyunla bağlı fikirlərini "Sherg.az" -la bölüşən idman jurnalisti Ağa Dadaşzadə söyləyib ki, "Qarabağ" olduqca mühüm sınaqla üz-üzədir:
“Azərbaycan klubu futbol tarixində ilk dəfədir ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində çıxış edir. Axşamkı oyunda "12-ci oyunçularımız"ın (azarkeşlərin) dəstəyi komandaya olduqca ruh yüksəkliyi verəcək. Vəziyyət dəyişib, ümidlər çoxalıb. Bir həftə ərzində daha çox ümidilənmişik. Düşünürəm ki, hər şey Qurbanovun istədiyi kimi getsə, bu gün "Bayer"lə heç-heçə edə bilərik. Təbii ki, mərhələni keçə bilsək, kağız üzərində 1.2 milyon Avro olacaq. Amma ümumi götürəndə 50 milyon Avro daha çox xeyir verə bilər”.