Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.
Araşdırma aparılır.
İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki, bu, aparıcı futbol ölkələrinə də xas olan bir hadisədir:

“Ancaq Azərbaycanda istəməzdim ki, bu hadisə baş versin. Çünki bizim mentalitetimizdə belə hallar çox da qəbul olunmur. Şəxsən mən idman jurnalisti və keçmiş futbolçu kimi, bunun əleyhinəyəm. Azərbaycan futbolunun bir növ durğun vaxtına düşən derbi adı qoyuldu buna. "Neftçi"-"Qarabağ" oyunu heç vaxt derbi olmayacaq. Amma bugünkü günə görə mərkəzi qarşılaşmada yetəri qədər futbol aqressiyası var. Təbii ki, bu, futbolun ayrılmaz hissəsidir. Ancaq yaxşı olardı ki, bu davalar yığışdırılsın. Çünki belə davalar həm ictimai asayişin pozulmasına səbəb olur, həm də futbolun imicinə bir növ zərər dəyir. Çünki bu cür problemlərdən sonra camaat balasını futbola buraxmır. Bu travmalardan sonra ümumiyyətlə valideynlərin gözü qorxacaq. İlk üç ilə düşən bir qarşılaşma oldu və bu olduqca möhtəşəm bir şeydir. Ancaq bu daha çox futbol aqressiyasından çox düşmənçiliyə gətirib çıxaran amillərdən biridir. Amma son illər hər "Neftçi"-"Qarabağ" oyununun əvvəlində və ya sonunda dava düşür. Əgər futbolun inkişafını istəyiriksə, bu, yığışdırılmalıdır. Ümumiyyətlə yaxşı olar ki, azarkeşlər dava əvəzinə komandasını qələbəyə səsləsinlər”.