Di Maria “Benfika”dan ayrılacağını açıqladı

"Benfika"nın futbolçusu Anxel Di Maria bu mövsümün sonunda Portuqaliya klubundan ayrılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə 37 yaşlı cinah yarımmüdafiəçisi sosial şəbəkə hesabında məlumat yayıb.

“Uzun bir mövsümdən sonra çempionatı belə başa vurmaq çox ağrılıdır. Bu, mənim bu formada son liqa oyunum idi.

Qarşıda gələn bazar günü daha bir finalımız var və biz meydançaya qələbə niyyəti ilə çıxacağıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm”, - deyə Di Maria qeyd edib.

"Benfika" ötən gün Portuqaliya çempionatının sonuncu - 34-cü turunda səfərdə “Braqa" ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə lə başa çatıb. Paralel keçirilən görüşdə “Sportinq” “Vitoriya”ya qalib gələrək (2:0) “Benfika”nı iki xal qabaqlayaraq ölkə çempionu olub.

Anxel Di Maria cari mövsüm ərzində meydana çıxdığı 39 matçda 15 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Benfika” mayın 25-də Portuqaliya Kubokunun finalında “Sportinq”lə qarşılaşacaq.