Rubinyan: “Tramp marşrutu” sülh sazişinin imzalanmasından əvvəl açıla bilər

Ermənistan parlamentinin sədri Ruben Rubinyan müxalif “Güclü Ermənistan” fraksiyasının “Tramp marşrutu” (TRIPP) layihəsinin Azərbaycanla sülh müqaviləsi imzalanana qədər reallaşdırılmamalı olduğu barədə iddiasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, spiker bu barədə danışarkən “Tramp marşrutu”nun sülh müqaviləsi imzalananadək açıla biləcəyini deyib.

“Amma mən hesab edirəm ki, bu iddia “Güclü Ermənistan” fraksiyasının yol verdiyi dərin yanlış anlaşılmadan qaynaqlanır. Hörmətli həmkarlarımız TRIPP-in Ermənistan üçün pis bir şey olduğunu düşünürlər. Çünki “Sülh müqaviləsinə nail olmaq üçün bunu etməyək” deyəndə, onların TRIPP-in Ermənistan üçün pis olduğu qənaətindən çıxış etdikləri aydın olur”, - parlament sədri qeyd edib.

Rubinyanın sözlərinə görə, TRIPP-in həyata keçirilməsinin sülh müqaviləsinin imzalanması və ratifikasiyasından asılı olmaması pis deyil, əksinə, çox yaxşıdır.

O əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin də sülh müqaviləsinin imzalanmasından asılı olmaması müsbət haldır.