Xəzərdəki köpük təhlükənin xəbərçisidir - Ekoloqdan ciddi XƏBƏRDARLIQ

  • “Məişət tullantıları ola bilər. Xəzərdəki köpük dəniz canlılarını boğa bilər"

Xəzər dənizinin sahilboyu ərazilərində suda köpüklənmə müşahidə edilir. Dalğalar köpüklü suyu sahilə vurur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Sudan nümunələr götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək. 

Mütəxəssislər hesab edir ki, dəniz səthində ağ köpüyün əmələ gəlməsinə səthi aktiv maddələr səbəb ola bilər. Dəniz mühitində səthi aktiv maddələr həm təbii, həm də antropogen - insan tərəfindən yaradılan faktorlar nəticəsində yaranır. Dənizin özündə təbii səthi aktiv maddələr əsasən bioloji proseslər nəticəsində meydana gəlir. Dənizdə yaşayan fitoplanktonlar, yosunlar və bakteriyalar həyat fəaliyyətləri zamanı xüsusi üzvi maddələr ifraz edirlər, ölmüş dəniz canlılarının və bitkilərinin qalıqları bakteriyalar tərəfindən parçalanarkən təbii səthi aktiv maddələr ayrılır. Fırtınalı havalarda dalğalar dəniz suyunu qarışdırarkən, bu təbii maddələr havanı suyun içində "həbs edir" və sahildə gördüyümüz ağ, bəzən qalın dəniz köpüyünü əmələ gətirir. Bu, tamamilə təbii bir prosesdir. Amma bir də var, süni səthi aktiv maddələr. Bunlar insan fəaliyyəti nəticəsində dənizə axıdılan məişət və sənaye tullantılarının əmələ gətirdiyi səthi aktiv maddələr. Gəmilərdən atılan müxtəlif tullantılar və neft sızıntıları da bura daxildir. Gəmilərin yuyulması və ya neft çıxarılması, nəqli zamanı baş verən sızıntılar da dəniz səthində nazik plyonka yaradır. Dənizdə, xüsusən süni yolla yaranan səthi aktiv maddələr dəniz canlılarına ciddi zərər vurur. 

Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında köpüklənmənin nədən yarandığını bilmək üçün laborator analizlərin nəticələrinin açıqlanmasını gözləməyi məsləhət gördü: 

- Gəlin, nəticəni gözləyək. Rəsmi açıqlamada görək nə deyirlər. Sonra şərh vermək daha doğru olar. Köpüklənmənin müxtəlif səbəbləri var. Bu, suda həll olmuş oksigen də ola bilər, səthi aktiv maddələr də. Görüntülərə baxanda Xəzər sularındakı köpüklənmənin səthi aktiv maddələr olduğu ehtimalı daha böyükdür. Çox güman ki, bu köpüklər oksigen deyil, səthi aktiv maddələrdir. Yəni məişət tullantıları nəticəsində əmələ gələn köpüklənmə. Bunu adi əl toxunuşu ilə də yoxlamaq olardı. Əgər qıcqırırsa, sabun və ya yuyucu vasitə ola bilər. Çox zaman belə tullantılar evlərdən, müəssisələrdən və ya gəmilərdən axıdılır. Süni yolla yaranan səthi aktiv maddələr, bəli, dəniz canlılarına ciddi zərər vurur. Suyun səthində yaranan pərdə havadan oksigenin suya keçməsinin qarşısını alır. Balıqlar və digər canlılar boğulma təhlükəsi yaşayır. Kimyəvi maddələr balıqların qəlsəmələrinə yapışaraq onların tənəffüsünü pozur və dəniz quşlarının lələklərinin suya davamlılıq xüsusiyyətini itirməsinə səbəb olur. Ekosistem pozulur.