- Təəssüf ki, direktorlara ciddi nəzarət olmadığından, yeyintiyə yol verilir
Nazirlər Kabineti hər bir təhsilalan – şagird üçün adambaşına maliyyələşmə miqdarını təsdiq edib. Qərara əsasən, tam orta ümumtəhsil məktəbləri üçün illik təhsil xərci 2000, liseylərdə 2200, gimnaziyalarda 2200, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində 2500, internat tipli liseylərdə 3000, internat tipli gimnaziyalarda isə 3000 manatdır.
Əgər orta ümumtəhsil məktəblərində şagird üçün adambaşına 2000 manat ayrılırsa, bəs valideynlərdən niyə hər şey üçün pul yığılır? Məsələn, iş dəftərlərini, test kitablarını ailələr özləri alır, KSQ və BSQ imtahanlarında A4 formatında bir vərəq üçün şagirdlərdən pul yığılır, kartric köhnədir, vərəqlər yaxşı çap edilmir, valideynlər pul verir, fond pulu yığılır, pəncərə təmiri, süpürgə, təmizləyici, qızdırıcı almaq üçün, köhnə dərsliklər paylanır şagirdlərə, hansısa bayramlarda Valideyn komitələri ortaya düşüb pul yığırlar, gediş haqqını valideyn ödəyir, uşağına nahar üçün də pulu valideyn verir, hətta bəzən kompüter, informatika otaqlarının avadanlığı, adi sinif otaqlarının tərtibatı üçün də valideynlərdən pul toplanır. Görəsən, bütün bu xərclər də həmin 2000 manata əlavə edilsə, illik xərc nə qədər çıxar?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, bu qərarla adambaşına maliyyələşmə modelinə keçilməsi idarəetmədə mühüm bir addımdır, amma burada məsələni düzgün təhlil etmək lazımdır:
- Nazirlər Kabinetinin müəyyənləşdirdiyi bu 2000–3000 manatlıq illik baza norması birbaşa şagirdin keyfiyyətli təhsil alması və məktəb mühitinin saxlanılması üçün nəzərdə tutulan xərclərdir. Yəni bura dərs prosesinin materialları, rəqəmsal və resurs təminatı, fənn kabinetlərinin təchizatı, binanın kommunal-təsərrüfat xərcləri və şagirdyönümlü fəaliyyətlər daxildir. İnternat tipli məktəblərdə məbləğin 3000 manatadək qalxması isə oradakı uşaqların gündəlik qidalanması, yataqxana və sosial təminat məsrəfləri ilə bağlıdır. Hesablanma mexanizminə gəldikdə, bu, sadəcə şagird sayını vurub-bölmək deyil. İbtidai siniflərlə müqayisədə yuxarı siniflərdə proqram mürəkkəbləşdiyi, laboratoriya və praktik təlim ehtiyacı artdığı üçün təhsil səviyyələrinə uyğun xüsusi artım əmsalları tətbiq olunur və məktəbin illik resurs büdcəsi buna əsasən formalaşır.
Ə. Həsənli qeyd etdi ki, adambaşına maliyyələşmə məktəb rəhbərliyini daha məsuliyyətli və qənaətcil olmağa sövq edən yaxşı modeldir, amma bu gün müəyyən olunan 2000–3000 manatlıq baza gələcəkdə mütləq bazarın reallıqlarına və inflyasiyaya uyğun olaraq artırılmalı, ən əsası isə vəsaitlərin məktəb səviyyəsində şəffaf xərclənməsinə tam nəzarət olunmalıdır.
Ekspert bildirdi ki, dövlət şagirdlərin bütün təhsil xərclərini qarşılayır, lakin təəssüf ki, direktorlara ciddi nəzarət olmadığından, yeyintiyə yol verilir.