TRIPP açılır, sülh gözləyir - Ermənistan əsas məsələdən yayınır - RƏY

  • “Əsas şərt Konstitusiyadakı ərazi iddialarının aradan qaldırılmasıdır”

Ermənistan sülh sazişi imzalanmadan əvvəl “Tramp marşrutu”nun (TRIPP) işə salınmasına çalışır. İrəvan bu addımın sülh prosesini irəli aparacağını düşünür. 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib ki, sülh sazişinin əvvəldən imzalanmalı olduğu məntiqli görünə bilər:"Bu, dərsliklərdən olan ardıcıllıq olardı, lakin həyatın öz qaydaları var. "Tramp marşrutu" layihəsi sülhə töhfə verə bilər".

Mirzoyanın çıxışını Sherg.az-a şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistan prosesləri öz maraqlarına uyğun ardıcıllıqla həll etməyə çalışır ki, əsas məsələ arxa planda qalsın. Əsas məsələ də Azərbaycanla sülh sazişinin imzalanmasıdır.

Professorun sözlərinə görə, ötən il Vaşinqtonda sülh sazişi paraflansa da, sənəd hələ tam imzalanmayıb: “Ermənistan indi əvvəlcə TRIPP marşrutunun açılmasına nail olmaq istəyir. Daha sonra sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və Türkiyə ilə əlaqələrin bərpası məsələlərini gündəmə gətirəcəklər. Əlbəttə, TRIPP marşrutunun açılması Azərbaycan üçün də olduqca vacibdir. Bu yol ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək və biz bu layihəyə böyük əhəmiyyət veririk. Lakin marşrutun açılması naminə sülh sazişinin arxa plana keçirilməsi düzgün yanaşma deyil. Ermənistan hazırda əsas diqqətini öz Konstitusiyasının preambulasına müvafiq dəyişikliklərin edilməsinə və ya yeni Konstitusiyanın qəbuluna yönəltməlidir. Bu, Ermənistanın öz qərarıdır. Ancaq bizim üçün əsas şərt ondan ibarətdir ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmasın. Bu məsələ həllini tapdıqdan sonra münasibətlərin normallaşması daha yüksək səviyyəyə qalxa bilər”.