"Piyadanı cərimələməklə yox, təhlükəsiz səki ilə qorumaq lazımdır”
Son vaxtlar yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq məqsədilə cərimələr sərtləşdirilir. Lakin qəzaların artmasının əsas səbəblərindən biri piyadaların “piyada keçidləri”ni nəzərə almadan yolun hərəkətli hissəsindən keçməsidir. Xüsusilə dərsə tələsən, şagird və tələbələr bir neçə dəqiqə qazanmaq üçün özlərini avtomobil axınının içinə atırlar. Unutmayaq ki, bəzən itirmək istəmədiyimiz bir dəqiqə həyatımızı yarımçıq qoyur. Belə baxanda, qaydaların sərtləşdirilməsi müəyyən mənada gözləniləndir. Ancaq məsələ yalnız sərt cərimələrlə həll edilə bilməz. Dövlət qurumları minimum əməkhaqqı ilə dolanan vətəndaşların artan cərimələri necə ödəyəcəyini də nəzərə almalıdır. Əgər yol-nəqliyyat qəzalarının qarşısını almaq təkcə cərimələri artırmaqla mümkün olsaydı, hər artımdan sonra statistik göstəricilər aşağı düşərdi. Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vətəndaşları yol hərəkəti qaydalarına riayət etməyə çağırıb. Onun sözlərinə görə, bəzi hallarda cəza tədbirlərinin sərtləşdirilməsi də zəruridir, lakin əsas diqqət vətəndaşların maariflənməsinə yönəlməlidir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Sherg.az-a bildirib ki, piyadaların hərəkətini nizama salmaq üçün cəzaların əvəzinə, rahat və təhlükəsiz infrastruktur yaradılmalıdır:
“Dövlət proqramında piyada səkilərinin abadlaşdırılması yer alır. Lakin 5 illik proqramının artıq bir ili başa çatıb. Ötən bu müddət ərzində bir metr belə səki abadlaşdırılmayıb. Bakıda hərəkət iştirakçılarının ehtiyaclarını nəzərə alan, baryersiz piyada səkiləri ilə təmin olunmuş nə küçə, nə də prospekt mövcuddur. Əsas hədəf piyadaların, yolun hərəkət hissəsinə çıxmağa məcbur qalmadan, rahat və təhlükəsiz hərəkətini təmin etmək olmalıdır. Bunun üçün yalnız yeraltı və yerüstü keçidlərin tikintisi kifayət etmir, qısa fazalı işıqforla tənzimlənən keçidlərin sayının artırılması da vacibdir. Təhsil müəssisələrinin hasarlarının optimallaşdırılaraq, küçə ilə əlaqələndirilməsi hesabına piyadalar üçün daha qısa marşrutlar formalaşdırılmalıdır”.
Ekspertin sözlərinə görə, yol hərəkəti iştirakçıları arasında ən zəif və qorunmayan tərəf məhz piyadadır:
“Yol-nəqliyyat hadisələri dünyanın hər yerində baş verir. Lakin ölkəmizdə, qəzalar piyadaların ölümü ilə nəticələnirsə, buna qarşı ciddi təhlükəsizlik tədbirləri görülməlidir. İki zolaqdan artıq küçələrdə sürəti azaldan hədlər quraşdırıldıqda, eyni səviyyəli keçidlərdə təhlükəsizlik adacığı yaradılmalıdır ki, piyadalar yolun müəyyən hissəsini keçdikdən sonra təhlükəsiz şəkildə gözləyə bilsinlər. Məhəllə girişlərində isə qabarıq keçidlərin təşkili zəruridir. Məsələn, Ağ şəhərdə belə keçidləri görmək olar. Sürücülər avtomobilin altının dəyməməsi üçün məcburi şəkildə sürətini azaldır. Uşaq bağçaları, məktəblər və xəstəxanaların yerləşdiyi ərazilərdə piyada hərəkət marşrutları üzrə “Berlin yastıqları” kimi sürət azaldıcı elementlər quraşdırılmalıdır”.
R. Ağamirzəyevin qənaətinə görə, piyadaların xaotik hərəkətini nizama salmaq üçün kompleks tədbirlər görülməlidir:
“Piyada keçidlərinin qısa məsafəli olması xüsusi əhəmiyyət daşıyır. Qısa və əlçatan “piyada keçidləri”nin yaradılması vacibdir ki, insanlar küçənin digər tərəfinə keçmək üçün uzun məsafə qət etməsinlər. Keçidlər abadlaşdırılsa, insanlar daha çox piyada hərəkətinə üstünlük verəcəklər. Bu həm yol təhlükəsizliyi üçün həm də ictimai sağlamlıq baxımından müsbət nəticə verəcək. Çünki ürək xəstəlikləri üzrə Azərbaycan dünyada ilk sıralarda yer alır. Bunun əsas səbəblərindən biri də hərəkətsizlikdir. Bir sözlə, piyadaların xaotik hərəkətini nizama salmaq üçün təxirəsalınmaz və kompleks tədbirlər görülməlidir”.
Aybəniz Səfərova