“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisində yerləşən “Bənəniyar” su anbarını qidalandıran kanalın yenidən qurulması işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində 6550 metr uzunluğunda kanal yenilənərək, 4850 metri beton kanal şəklində inşa ediləcək. Kanalın 1700 metrlik hissəsində isə diametri 1600 milimetr olan şüşə lifli borulardan istifadə olunmaqla, yeni xətt çəkiləcək.
Görülən işlər çərçivəsində 1700 metrlik kanalın tikintisi başa çatdırılıb. Hazırda sudurulducu qurğuda müvafiq işlər aparılır.
Layihə tam yekunlaşdıqdan sonra kanalın suötürmə qabiliyyəti saniyədə 5 kubmetrə çatdırılacaq. Yenidənqurma işlərinin 2027-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.