Məktəb yollarında qəza riskini azaltmaq üçün “Berlin yastıqları” tətbiq oluna bilər
Yeni tədris ilinin başlanmasına cəmi 3 gün qalıb. Məktəblərin açılması ilə paytaxt küçələrində nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir. Xüsusilə səhər və günorta saatlarında təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə hərəkətin intensivləşməsi yol-nəqliyyat hadisələri riskini də artırır. Bu səbəbdən yeni dərs ilinin başlanmasına hazırlıq çərçivəsində Bakının küçə və prospektlərində, eləcə də məktəb və digər təhsil müəssisələrinin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarəti gücləndirir.
Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.
Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a bildirib ki, məktəb, bağça, poliklinika və xəstəxanaların qarşısında yalnız sürət məhdudiyyəti nişanlarının qoyulması kifayət deyil. Mütəxəssis hesab edir ki, bu ərazilərdə sürətin real olaraq azaldılması üçün fiziki trafik sakitləşdirici həllərdən – Berlin yastıqlarından (Berlin cushions) istifadə edilməsinə ehtiyac var:

"Sürət həddinin nişanla bildirilməsi ilə avtomobili fiziki olaraq yavaşlamağa məcbur edən infrastruktur eyni nəticəni vermir. Sürətin azaldılması mümkün qəzanın baş vermə ehtimalına və baş verdiyi halda nəticələrinin ağırlığına birbaşa təsir edir. Yeni tədris ilinin başlamasına bir neçə gün qalıb. Məktəblərin qarşısında təhlükəsizliyi təmin edən fiziki infrastrukturun təkmilləşdirilməsi artıq prioritet olmalıdır. Məqsəd sadəcə sürət həddini göstərmək deyil, sürücünün həmin sürətə əməl etməsini yol infrastrukturu ilə təmin etməkdir".