Ekspert: Taksi sürücüləri sifarişləri yalnız bu xüsusi dayanacaqlardan qəbul etməlidirlər

Paytaxtda taksi xidməti istehza hədəfinə çevrilib artıq. “Komedixana” aktyorlarının taksi xidmətini hədəf alan səhnəcikləri gülüş deyil, məhz istehzadır. Hətta sarkazmdır. İndiyədək 1-2 belə səhnəcik təqdim olunub. Taksi sürücüsü gah xanıma “uyğun” bir yerdə - kameraların çəkə bilməyəcəyi yerdə avtomobildən tullanmağı - bəli, məhz tullanmağı, enməyi deyil, gah da başqa bir müştərisinə avtomobil hərəkətdə ikən pəncərədən içəri tullanmağı tövsiyə edir. Və hər iki halda da tryuklar uğurlu alınır. Yaşlı bir müştəri üçünsə, taksinin baqajı məsləhət görülür. Bu, paytaxtda taksi sifariş edənlərin də, taksi sürücülərinin də necə çıxılmaz vəziyyətdə qaldığını göstərir.  

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakı şəhərində taksilərin sərnişinləri rahat və təhlükəsiz mindirib-düşürməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA tərəfindən 30-a yaxın xüsusi məntəqədə duracaq yeri təşkil edilib. Bu istiqamətdə işlər davam etdirildiyindən yerlərin sayı mütəmadi olaraq yenilənir: 

- Xüsusi hərəkət zolaqlarında təşkil olunan duracaq yerləri 3.28 nişanı, bu, durmaq qadağandır, nişanıdır və 5.14 - minik taksilərinin duracaq yeri nişanları, həmçinin məlumat lövhələri ilə işarələnir. Sərnişindaşıma qaydalarına əsasən, taksi sürücüləri sifarişləri yalnız bu xüsusi dayanacaqlardan qəbul etməlidirlər. Qanunvericiliyə əsasən, taksilərin yalnız onlar üçün ayrılmış və 5.14 nişanı ilə işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə, eləcə də taksometrin müəyyən etdiyi məbləğdən əlavə ödəniş tələb olunmasına görə də 50 manat məbləğində cərimə tətbiq olunur. Son zamanlar daha 14 tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

E.Cəfərov bildirdi ki, sərnişinlərin təhlükəsiz və qaydalara uyğun mindirilib-düşürülməsi üçün taksilərin qırıq-qırıq xətlərin olduğu yerlərdə qısamüddətli dayanması mümkündür: 

- Hər hansı qadağanedici nişan olmadığı təqdirdə, sürücülər bu xətlərdən istifadə edə bilərlər.