Urbanistdən çağırış: Dayanacaq problemi “anti-cib”lərlə həll oluna bilər

"Şəhər mühitində ictimai nəqliyyatın təhlükəsizliyi təkcə yeni avtobusların alınması ilə ölçülmür. Məsələnin əsas tərəfi infrastrukturun düzgün təşkili və xırda, amma funksional həllərin tətbiqidir".

"Sherg.az"xəbər verir ki, bu sözləri "İnsan yönümlü şəhərlər" layihəsinin təsisçisi, bloger-urbanist Anar Əliyev deyib. 

Urbanist qeyd edib ki, hazırda Bakının bir çox küçələrində səkinin dar olması və ya müxtəlif maneələr səbəbindən dayanacaq pavilyonu quraşdırmaq mümkün olmur:

"Nəticədə sərnişinlər avtobusu yolun hərəkət hissəsində gözləyir, avtobus isə dayanacaq sahəsi olmadığı üçün sərnişinləri birbaşa yolda mindirib-düşürür. Bu isə həm piyadalar, həm də sürücülər üçün açıq təhlükə yaradır. Belə hallarda “anti-cib” adlanan xüsusi platformalar effektiv çıxış yolu hesab olunur. Bu platformalar yol kənarında kiçik, lakin təhlükəsiz gözləmə sahəsi yaradır. Avtobus əsas hərəkət zolağından tam kənara çıxmadan dayanır, sərnişinlər isə yolun ortasında deyil, xüsusi ayrılmış platformada gözləyir və minmə-düşmə prosesi daha təhlükəsiz şəkildə həyata keçirilir. Xüsusilə parklanmanın təşkil olunduğu küçələrdə bu həll daha effektivdir. Parklanma zolağı olan ərazilərdə “anti-cib”lərin təşkili nəqliyyat axınına ciddi təsir göstərmir, əksinə, dayanacaqlarda vaxt itkisini azaldır və hərəkətin daha nizamlı olmasına şərait yaradır".

A. Əliyevin sözlərinə görə, bu model artıq bir sıra inkişaf etmiş ölkələrdə və post-sovet şəhərlərində geniş tətbiq olunur və şəhər nəqliyyatının təhlükəsizliyinin artırılmasında müsbət nəticə verir:

" Bakıda da ictimai nəqliyyatın keyfiyyətini artırmaq üçün belə funksional və nisbətən az xərc tələb edən infrastruktur həllərinin gündəmə gətirilməsi vacibdir. Rahat və təhlükəsiz ictimai nəqliyyat məhz bu cür detallardan başlayır".