Yol hərəkəti təhlükəsizliyi məsələsinə daha həssas yanaşmaq lazımdır -Ekspert

Müasir şəhərin göstəricisi yalnız yeni infrastrukturun inşası deyil, həm də həmin infrastruktur tikilərkən insanların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasıdır

Bakı şəhərinin Pirşağı qəsəbəsində dənizkənarı yolda yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili yol kənarında kanalizasiya kollektoruna düşüb. İlkin məlumata görə, hadisə gecə saatlarında baş verib. Sürücü və sərnişinlərin yüngül xəsarət aldığı qeyd olunub.

Sherg.az xəbər verir ki, Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Rauf Ağamirzəyev şəhərin sürətli inkişafı və genişlənməsi fonunda tikinti-quraşdırma işlərinin həcminin artmasını təbii və zəruri proses kimi dəyərləndirib. Lakin mütəxəssis hesab edir ki, şəhərin inkişafı heç vaxt insanların təhlükəsizliyi hesabına başa gəlməməlidir:

"Dənizkənarı yolda baş verən hadisə bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyi məsələsinə daha həssas yanaşmaq lazımdır. Tikinti sahələri etibarlı səddlərlə qorunmalı, gecə vaxtı kifayət qədər işıqlandırılmalı, xəbərdaredici nişanlar və müvəqqəti yol nişanlanması sürücülərin vaxtında reaksiya verməsinə imkan yaratmalıdır. Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən KİV və sosial media vasitəsilə mütəmadi olaraq tikinti aparılan ərazilər barədə məlumatlar paylaşılmalı, sürücülərə həmin istiqamətlərdə daha diqqətli olmaları tövsiyə edilməlidir. Bu cür operativ məlumatlandırma həm yol-nəqliyyat hadisələrinin qarşısını almağa, həm də şəhər sakinlərinin marşrutlarını əvvəlcədən planlaşdırmasına kömək edər. Müasir şəhərin göstəricisi yalnız yeni infrastrukturun inşası deyil, həm də həmin infrastruktur tikilərkən insanların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasıdır. Təhlükəsizlik bütün tikinti layihələrinin ayrılmaz tərkib hissəsi olmalıdır".