Kafe və restoranlar niyə zəhər saçır ? - Əsl səbəblər bilindi 


Nazim Bəydəmirli:“ Dövlət rüsumları yüksək olduğu üçün kafe və restoranlar keyfiyyətsiz məhsul tədarük edir və qida təhlükəsizliyi məsələlərinə az maraq göstərir


Ötənlərdə "Sədərək" Ticarət Mərkəzinin "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. Bununla əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub: "Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də KTM-ə gətiriblər. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır".

Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Nazim Bəydəmirli “Sherg.az”a  söyləyib ki, son zamanlar sahibkarların mənfəət qazanmaq üçün gördüyü işlər sonda sadə insanların zərər çəkməsi ilə nəticələnir:

“Ölkədə bu sahəyə nəzarət etmək üçün bir sıra qurumlar yaradılıb. Amma görürük ki, bəzi qurumların fəaliyyətində problem var. Eyni zamanda kiçik fəaliyyət obyektlərinin bəzi sertifkatları almaq və ya qida təhlükəsizliyi tədbirlərini həyata keçirməyə çox imkanları olmur.

Çünki, dövlət rüsumları onlar üçün yüksəkdir. Bununla da bağlı olaraq kiçik kafe və restoranlar keyfiyyətsiz məhsul tədarük edir və qida təhlükəsizliyi məsələlərinə az maraq göstərir.

Eyni zamanda iqtisadi rifahın aşağı olduğu ölkələrdə zəhərlənmə halları çox olur. Yəni, maddi imkanı zəif olan insanlar ucuz qiymətə keyfiyyətsiz məhsul alıb, həyatlarını riskə atır. Ona görə də hesab edirəm ki, hökumət bu kimi məsələləri nəzarətə almalıdır.

Tələbələr daxil olmaqla ölkədə kifayət qədər insan var ki, günü ac keçirməmək üçün ucuz və keyfiyyətsiz yemək satan kafelərə üz tutur. Sonda da bu cür hallar yaşanır. Məsələnin əsas başlanğıc nöqtəsi insanlar maddi imkanının aşağı olmasıdır. Eyni zamanda da son vaxtlar dövlət xidmətlərinin qiyməti yüksəlib.

Məsələn, Azərbaycana idxal edilən məhsulların sağlamlıq sertifkatını almaq üçün sahibkar əvvəl laboratoriya xərcləri üçün 13 manat ödəyirdisə, indi 183 manat ödəyir. Həmçinin gömrük xərclərini də nəzərə aldıqda sahibkarın mənfəəti azalır.

Sonda da qazanc naminə sahibkarlar həmin xərcləri maya dəyərinə otuzdurur. Bu zaman xidmətin qiyməti artır, keyfiyyəti azalır. Ona görə də bu kimi məsələrə fikir verilməlidir”