Qida texnoloqu: Dönərin saatlarla şiş üzərində qalması təhlükəlidir

Müştəri sayı az olduqda ət uzun müddət açıq havada qalır və onun istifadəsi qida zəhərlənməsinə səbəb olur

Martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb. Araşdırma davam etdirilir.

Qida texnoloqu Ağa Salamovun sözlərinə görə,  zəhərlənmələr əsasən, toyuq dönəri ilə əlaqəli olur. Buna səbəbsə dönər ətində salmonella bakteriyasının çoxalmasıdır. Onun “Sherg.az"a açıqlamasına görə, problem qida zəncirindəki qırılmalarla bağlıdır:
 “Müəssisələrdə sanitar-gigiyenik qaydalara riayət edilməməsi, aşpazların şəxsi gigiyena qaydalarına əməl etməməsi, əllərin yaxşı yuyulmaması və məhsulların düzgün şəraitdə saxlanılmaması zəhərlənmə riskini artırır. Eyni zamanda, dönərin saatlarla şiş üzərində qalması və ya axşamdan qalan dönərin səhər istifadəsi də çox təhlükədir. Müştəri sayı az olduqda ət uzun müddət açıq havada qalır və onun istifadəsi qida zəhərlənməsinə səbəb olur. Bundan əlavə, mayonezin otaq temperaturunda saatlarla saxlanması da zəhərlənmə riskini artırır”.

Azərbaycanda bir çox ictimai iaşə obyektlərində sanitar- gigiyena qaydalarının ciddi şəkildə pozulduğunu vurğulayan qida texnoloqu bildirib ki, bu kimi halların qarşısını almaq üçün kütləvi şəkildə maariflənmək lazımdır:
 “Yeməyi bişirən aşpazın peşə təhsili var? Sanitar gigiyena qaydalarını bilir? İşə götürən şəxs bu məsələlərlə maraqlanmalıdır. Bəzi sahibkarlar var ki, dönərxanalarda kadrlar şöbəsi olmadığı üçün kimi gəldi işə götürür. Çox təəssüflər olsun ki, hər yerindən duran sahibkar olaraq özbaşınalıq edir. Sonda isə azyaşlılar, hamilə qadınlar, qocalar kapitalizm bəlasına düçar olurlar".