...Kirayə evlərin qiyməti bahalaşıb ?

 
Son zamanlar ölkənin, xüsusən də paytaxtın kirayə mənzil bazarında qiymətlərdəki dinamika əhalinin, tələbələrin ciddi narazılığına səbəb olur. Hər zaman ilin bu  vaxtı kirayə evlərin qiymətinin ucuz olduğunu deyən sakinlər “hazırda kirayə mənzillərə yaxın gedə bilmirik” ifadəsini söyləyir.

“Sherg.az” olaraq məsələni nəzərə alıb qiymət artımının səbəblərini öyrəndik.

Məsələyə münasibət bildirən mənzil eksperti Ramil Osmanlı söyləyir ki, hazırda ölkədə kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur:

“Əsasən də 500 manatdan yuxarı olan mənzillərin qiymətində artım daha çox hiss olunur. Bu da təbii bir haldır. Çünki hazırda yay mövsümüdür. İlin bu vaxtı ölkəmizə turist axını daha çox olur.
Bununla bağlı olaraq kirayə mənzil bazarlarında tələb çoxalır və qiymətlər artır. Xüsusən də gündəlik kirayə evlərində qiymət artımı daha yüksəkdir.

Amma tələbələrin, yerli əhalinin istifadə edəcəyi evlərdə əks dinamika müşahidə olunur.Yəni ilin aprel, may ayları ilə müqayisədə bu cür evlərin qiymətində enmələr var.

Bunun da səbəbi regionlardan gələn tələbələrin tətillə əlaqədar rayonlara getməsidir. Çünki bu zaman bazarda tələb azalıb təklif artır ki, bu da qiymətləri endirir.

Eyni zamanda kirayə evlərin qiyməti zonadan asılı olaraq da dəyişir. Məsələn, Yasamal, "Kubinka", "Montin" kimi yerlərdə tələbələr evləri tərk edir və o cür yerlərdə qiymətlər aşağı olur. Amma metro və universitetlərə yaxın olan ərazilərdə isə tələbələr bu vaxtlar evləri tərk etmir.
Ona görə də bu kimi yerlərdə qiymətlər yüksək olur”.